Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko ilkin nəticələrə görə 87,6% səs toplayaraq liderlik edir. Belarus Gənclər Təşkilatları Komitəsinin apardığı exit-poll nəticələrinə əsasən, ikinci yerdə Sergey Sırankov 2,7% səslə qərarlaşıb. Digər namizədlər 2% səs baryerini keçə bilməyib. Seçicilərin 5,1%-i isə “hamıya qarşı” səs verib.
Musavat.com bildirir ki, prezident seçkiləri Belarusda 26 yanvar tarixində yerli vaxtla səhər saat 08:00-dan axşam 20:00-a qədər keçirilib. Seçkilər Qərb müşahidəçilərinin iştirakı olmadan baş tutub və xaricdə seçki məntəqələri açılmayıb. Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə iştirak faizi 85,7% təşkil edib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və qonşuluq siyasəti və genişlənmə üzrə Avropa komissarı Marta Kos seçkiləri tənqidi şəkildə qiymətləndirib. Onların birgə bəyanatında 26 yanvarda keçirilən seçkilərin “nə azad, nə də ədalətli” olduğu və Belarus xalqının “ölkəni idarə edəcək şəxslə bağlı real səs hüququna layiq olduğu” vurğulanıb.
Seçkilərin nəticələri və keçirilən proses beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.