Baltik dənizində, Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib.
Yenisabah.az xəbər verir ki, bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi (LVRTC) məlumat yayıb.
Qeyd olunur ki, mərkəzin məlumat ötürülməsinin monitorinq sistemi Ventspils (Latviya) - Qotland (İsveç) hissəsində fasilələr qeydə alıb.
"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlər nəticəsində baş verdiyini düşünməyə əsas var", - məlumatda bildirib.
LVRTC hadisə barədə Latviya Hərbi Dəniz Qüvvələrini xəbərdar edib, onlar da öz növbəsində İsveç də daxil olmaqla NATO müttəfiqləri ilə əlaqə saxlayıblar, daimi məlumat mübadiləsi aparılır.
Latviyanın Baş naziri Evika Silinya kabelin zədələnməsi ilə bağlı aidiyyəti nazirlik və xidmətlərin iclasını çağırıb.