Daha bir güləşçimiz Bolqarıstanda "Dan Kolov - Nikola Petrov" turnirində medal qazanıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Murad Haqverdiyev (65 kq) 1-ci mərhələdə bolqarıstanlı rəqibi Nikola Stefanova tam üstünlüklə qalib gəlib - 10:0.  Sərbəst güləşçimiz digər bolqarıstanlı rəqibi Erdal Qalip üzərində də inamlı qələbə qazanıb - 5:1. Haqverdiyev yarımfinalda ukraynalı Erik Aruşanyandan güclü olub - 5:3. 

Murad finalda daha bir Bolqarıstan güləşçisiylə üz-üzə gəlib. Səlim Naimlə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesab 2:2 olarkən Haqverdiyevin icra etdiyi fənd əvvəlcə 2 xalla qiymətləndirilib. Ancaq rəqib etiraz hüququndan istifadə edib və "çelenc"ə baxıldıqdan sonra qərar dəyişdirilib və yekun hesab 2:2 olub. Beləliklə, rəqibinə sonuncu xal prinsipinə əsasən məğlub olan Murad ənənəvi yarışda gümüş medalı boynundan asıb.