AZ

Tramp Rusiya-Ukrayna müharibəsində iqtisadi təzyiqi silah seçib? - AÇIQLAMA

Dünya mediasında yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Rusiya iqtisadiyyatını çökdürməklə Ukrayna savaşına son qoya bilər. Qeyd olunur ki, Ağ Ev ağır sanksiyalarla Rusiyaya qarşı hücuma keçəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, ümumiyyətlə, Tramp yaxın 4 ildə müharibəni dayandırmağı bacarmasa, ABŞ dövlət olaraq çətin vəziyyətə düşəcək:

 

“Eyni zamanda, 2028-ci ildəki seçkilərdə respublikaçıların qələbə şansı azalacaq. Buna görə Tramp hər iki tərəfə maksimum təzyiq siyasətindən istifadə etməlidir. Ukraynada Volodimir Zelenski hökumətini razı salmaq asandır. ABŞ Ukraynaya verdiyi silah dəstəyini kəsərsə, eyni zamanda Avropadakı müttəfiqlərini də buna məcbur edərsə, Kiyev müharibəni dayandırmağa məcbur olacaq. Düzdür, bunu nəzərə alaraq son zamanlar Ukrayna rəhbərliyi Trampın əsas qlobal  rəqibi olan Çinlə müttəfiqlik əlaqələrinə maraq göstərir. Ancaq rəsmi Pekinin Moskva ilə münasibətləri korlamaq bahasına Kiyevə güclü dəstək göndərəcəyi gözlənilən deyil. Buna görə də Ukraynanın müharibədəki taleyi hazırda daha çox ABŞ-nin qərarından asılıdır”.

 

Müsahibimiz qeyd edib ki, müharibəni bitirmək üçün əsas məsələ rus ordusunu dayandırmaqdır:

 

“Co Bayden vəzifəsindən getməyə sayılı günlər qalmış Rusiyaya qarşı ağır sanksiya tətbiq etməklə Trampa bu məsələdə xeyli köməklik göstərdi. Yeni administrasiya rəsmi Moskvanın iqtisadi vəziyyətini daha da ağırlaşdırmağa çalışacaq. Eyni zamanda Trampın neftin qiymətini aşağı salmaq üçün də hərəkətə keçəcəyi gözləniləndir. Rusiyanın qarşısını kəsmək üçün ABŞ prezidenti neftin qiymətini 40 dollara kimi sala bilər. Bu, eyni zamanda Donald Trampın seçkiqabağı səsləndirdiyi vədlərə də uyğun gəlir. Lakin ABŞ bunun üçün Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb ölkələrini razı salmalıdır. 

 

Nəzərə alaq ki, Trampın Ər-Riyadla çox gözəl münasibəti var və bu krallıq onun bölgədəki əsas dayağı sayılır. Tramp İsrail və HƏMAS arasında atəşkəsə nail olmaqla ərəb dünyasında öz nüfuzunu daha da artırdı. ABŞ-nin yeni sanksiyalarında əsasən neft sektorunun hədəf seçilməsi də buna hesablanmış addımdır. Tramp  müharibəni dayandıra bilsə belə, ümumi sülhdən danışmaq bir qədər tezdir. Çünki dəhşətli müharibə tərəflər arasında etimad mühitini yoxa çıxarıb. Bunun üçün ciddi danışıqlara ehtiyac var. Donald Tramp bu danışıqlarda da vasitəçiliyi ələ almağa çalışacaq. Ancaq onun vasitəçi kimi nə qədər uğur qazanacağı bir qədər müəmmalıdır”.

 

Günay Rəsulqızı
 

Seçilən
6
50
sfera.az

10Mənbələr