AZ

Dad itin damağında qalır və... - Küçə heyvanlarının hücumundan necə qorunaq?

Əksəriyyətimizin sevərək əzizlədiyi itlər bəzən insanların kabusuna çevrilir. Belə ki, son zamanlar sahibsiz küçə itlərinin insanlara hücum etməsi ilə bağlı xəbərlərə daha çox rast gəlirik.

Bəzən belə hücumlar insanların canı bahasına başa gəlir. Belə hadisələrdən biri Türkiyədə qeydə alınıb. Belə ki, Hakkari vilayətinin Yüksekova rayonunda sahibsiz itlərin hücumu nəticəsində ağır yaralanan 12 yaşlı Eslem Teker bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Bəs sahibsiz küçə itləri insanlara niyə hücum edir?

Mövzu ilə bağlı kinoloq Etibar Orucov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bunun bir neçə səbəbi var:

“Bəzən elə hallar olur ki, günah hücum olunan insanın özündə olur. İti qıcıqlandırır və hücuma məruz qalır. Zaman-zaman ölkəmizdə də buna şahid olmuşuq”.

Mqüsahibimiz deyir ki, Azərbaycanda insanlar 2 yerə bölünür- heyvanlara yazığı gələnlər və onları sevməyənlər. Yazığı gələnlər harda görsə yemək verir, sevməyənlər isə harda görsə qıcıqlandırıb bir daş atır.

Kinoloq bildirib ki, əslində insanların itlərə yazığı gəlib harda görsə qidalandırması düzgün deyil. Dediyinə görə, məsələn, bir uşaq küçədə görüb yazığı gəldiyi itə evindən bir parça ət verir. Artıq bu dad itin damağında qalır və yenidən istəyir. Bu da çox zaman itlərin insanlara hücum etməsi ilə nəticələnir.

Etibar Orucov: Hər bir bələdiyyənin tərkibində sahibsiz heyvanlar üçün sığınacaq olmalıdır

E.Orucov qeyd edib ki, hazırda paytaxtda, paytaxtdan kənarda dəstə halında gəzən it sürüsü var:

“Təbiidir ki, insanlar belə mənzərə halında qorxuya düşür və ani səhv bir hərəkətdə hücuma məruz qala bilirlər. Buna görə də, çox sayda sığınacaq fəaliyyət göstərməlidir. Əfsuslar olsun ki, ölkəmizdə sahibsiz küçə itləri üçün kifayət qədər sığınacaq yoxdur. İtlərin peyvənd olunması, yerləşdirilməsi üçün “Toplan” və “IDEA” heyvanlara qayğı mərkəzləri fəaliyyət göstərir. “IDEA” qayğı mərkəzində xəstə heyvanları sağaldır, qısırlaşdırır və digər qayğılarına qalırlar. “Toplan” isə sığınacaqdır. Ümumiyyətlə, tək “Toplan” buna kifayət etmir. Bunun üçün hər bir bələdiyyənin tərkibində sığınacaq olmalıdır. Başqa ölkələr bunun öhdəsindən necə gəlir, biz də onlardan nümunə götürməliyik".

Müsahibimiz sahibsiz küçə heyvanlarının hücumundan qorunmağın yollarından da danışıb:

“Əgər siz it dəstəsinin yaxınlığından keçirsinizsə, tələsməyin və onları dağıtmağa çalışmayın. İt sizə bir az da yaxınlaşsa belə, sakitcə yolunuza davam edin. Heç bir halda yüksək səslər çıxarmağa, qollarınızı yelləməyə və ya qaçımağa çalışmayın. Onlar sizə yaxınlaşdıqda, özünüzü elə göstərin ki, guya yerdən bir şey götürürsünüz. Eyni zamanda üzünüzü onlara tərəf çevirin və onların hərəkətlərinə baxın. Əgər həqiqətən də yolda daş varsa, onu qorunmaq üçün götürə bilərsiniz. Hamar asfaltda olsanız belə, sadəcə görünüş yaratmaq üçün bunu edin”.

Nuriyyə Musayeva

Seçilən
4
2
bakivaxti.az

10Mənbələr