14 il azadlıqdan məhrum edilən və hazırda Urmu şəhərinin mərkəzi həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq aksiyası keçirir.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, azərbaycanlı məhbus yanvarın 13-dən aclıq aksiyasına başlayıb.
Bildirilib ki, 5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.
Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.
O, "Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.
Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.
Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.
visiontv.az