ABŞ-nin Prezidenti Donald Tramp Rusiyanı sülhə razı salmaq üçün neft qiymətinin endirilməsinə çalışacaq. Tramp Davos Forumunda çıxışı zamanı bu niyyətini yenidən bəyan edib.
Sfera.az xəbər verir ki, ABŞ prezidentinin Rusiyanı dayandırmaq üçün neft amilindən istifadə etməsi təsadüfi deyil. Çünki Rusiyanın xarici valyutada olan gəlirlərində neft-qaz sektorunun payı yüksəkdir və neftin qiymətinin azalması həm ixraca, həm ümumi daxili məhsul (ÜDM) istehsalına, həm də dövlət büdcəsinin gəlirlərinə güclü təsir imkanına malikdir.
Rusiya hökumətinin açıqladığı rəsmi statistik məlumatlardan görünür ki, ucuz neft Rusiyanın iqtisadi və hərbi gücünü xeyli zəiflədə bilər.
Rusiya üçün neft ilk növbədə xarici ticarət gəlirlərinin yüksək səviyyədə saxlanılması üçün önəmlidir. 2024-cü ildə Rusiyanın ixracı 0,5 faiz artaraq 278 milyard dollara çatıb. İdxal isə bundan təxminən 100 milyard dollar az olub.
Rusiya ixracının əsasını mineral məhsullar, yəni neft, qaz və onlardan alınan mallar təşkil edir. Mineral məhsullarla yanaşı metallar və metal məmulatları, ərzaq məhsulları və kənd təsərrüfatı məhsulları da Rusiya ixracında böyük paya sahibdir. İxracın ümumi həcminin 61%-ni (170 milyard dollar) neft, qaz və onlardan alınan məhsullar, 14,5%-ni (40 milyard dollar) metallar, 10%-ni (28 milyard dollar) ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edib.
Hazırda Rusiya nefti 60 dollar və daha aşağı qiymətə satır. Qiymətin aşağı olmasının səbəbi Rusiyanın ixrac etdiyi neftə Qərb ölkələrinin “tavan qiymət” tətbiq etməsidir. Qərb ölkələri rus neftini 60 dollardan baha almır. Buna görə də Rusiya həm Qərb ölkələrinə, həm də digər ticarət tərəfdaşlarına neftini aşağı qiymətə satmağa məcbur olur. Əgər Tramp neftin dəyərinin daha aşağı, məsələn 30-40 dollara salınmasına nail olarsa, o halda Rusiyanın ixrac gəlirləri 30 faizə yaxın (80 milyard dollar) azalacaq. Lakin nəzərə alsaq ki, neftin ucuzlaşması digər məhsulların, o cümlədən metal və kənd təsərrüfatı məhsullarının da dəyərini azaldır, onda Rusiyanın ixrac gəlirlərinin neftin qiymətinin enməsinə görə azalması daha çox olacaq.
Neftin ucuzlaşması ÜDM-nin nominal dəyərinə də birbaşa və dolayı təsir imkanına sahibdir. Rusiya neftinin qiyməti 30-40 dollara enərsə, ÜDM istehsalı yalnız bir ildə 300-400 milyard dollar, hətta daha çox azalacaq. Bunu 2014 və 2016, eləcə də 2019 və 2020-ci illərin müqayisəsindən də görmək olur. Həm 2016, həm də 2020-ci illərdə neft qiymətləri xeyli endiyindən ÜDM-nin nominal dəyəri yüz milyardlarla dollar azaldı. Birinci müqayisədə ÜDM-də azalma 750 milyard dollar, ikinci müqayisədə isə 250 milyard dollar təşkil etmişdi.
Neftin dəyərdən düşməsi Rusiyanın dövlət büdcəsinin böyüklüyünə də təsir göstərir. Sanksiyalara qədər və neftin qiyməti daha yüksək olanda federal büdcənin xərcləri 600 milyard dollar idi. 2025-ci ildə isə Rusiyanın büdcə xərcləri 400 milyard dollar olacaq.
Tramp və onun komandası neft qiymətləri ilə bağlı fərqli ssenarini də tətbiq edə bilər. Ümumən dünyada neft qiymətləri endirilməkdənsə, yalnız Rusiyanın ixrac etdiyi neftin dəyərinin aşağı salınması da mümkündür. Bu məqsədə çatmaq üçün Qərb ölkələrinin Rusiya neftinə tətbiq etdikləri “tavan qiymət”i 60 dollardan 40 dollara salması variantı da nəzərdən keçirilə bilər.
Qeyd edək ki, bununla bağlı hələ bir neçə ay öncədən layihə hazırlanmışdı. Həmin layihəyə görə, sanksiyaya qoşulan ölkələr Rusiyadan nefti maksimum 40 dollara alacaqlar. Əgər yeni “tavan qiymət”də Qərb ölkələri razılaşarsa, o halda Rusiya neftini digər ölkələrə də yüksək qiymətə təklif edə bilməyəcək.
Rusiyanın neft və qaz gəlirlərinin azaldılması məqsədilə Avropa İttifaqı ölkələri Rusiyadan maye qaz idxalını da dayandıra bilər. 2024-cü ildə Avropa İttifaqı ölkələri Rusiyadan 44 milyard dollar dəyərində mal alıb ki, bunun da önəmli hissəsini maye qaz idxalı təşkil edib. Avropa ölkələrinin Rusiyadan maye qaz idxalını dayandırması üçün “köhnə qitə”ni digər ixracatçı ölkələr maye qazla təmin etməlidir. Tramp ABŞ-də qaz hasilatını artırmaqla avropalıların qaza olan tələbatını ödəyə bilər.
Bu məlumatlardan göründüyü kimi, neftin dəyəri Rusiya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və əgər Tramp administrasiyası “qara qızıl”ın qiymətini nəzərəçarpacaq dərəcədə endirərsə, bu halda Rusiya iqtisadiyyatı böhrana girəcək və müharibə xərclərini uzun müddət maliyyələşdirmək çətin olacaq. Bu halda Rusiyanın sülhə razı olmaqdan başqa ayrı çarəsi qalmayacaq.
Vasif