Tacikistanda bütün Orta Asiyada ən iri teatr binası tikilir. Hazırda tikinti prosesi gedən Tacikistan Milli Teatrının binası ölkənin müstəqilliyinin 35-ci ildönümü ərəfəsində - 2026-cı ilin sentyabrında istifadəyə veriləcək,
Hafta.az-ın yazdığına görə, bu barədə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattorion bu gün keçirdiyi mətbuat konfransında deyib..
O, hazırda tikinti-quruculuq işlərinin davam etdiyini, nazirliyin mütəxəssislərinin işlərin gedişi ilə şəxsən tanış olduğunu, səs avadanlıqlarından və digər texniki vasitələrdən istifadə ilə bağlı inşaatçılara tövsiyələrini verib.
Qeyd edək ki, paytaxt Düşənbədə Milli Teatr binasının tikintisinə 2015-ci ildə prezident Emoməli Rəhmonun iştirakı ilə başlanılıb. O vaxtdan bəri tikintini aparan strukturlar hər il vergidən azad edilir. Obyekt “xüsusi əhəmiyyətli”lərin reyestrinə daxil edilib və hər il onun üçün tikinti materialları və avadanlıqların idxalı hökumətin qərarı ilə ƏDV və gömrük rüsumlarından azad edilir.
Teatr Tacikistan Dövlət Bayrağı parkının ərazisində - Tacikistan Milli Muzeyinin yanında tikilir.
Beş il ərzində hazırlanmış layihəyə əsasən, 34,5 metr yüksələcək teatr binası 2-si yeraltı, 5-i yerüstü olmaqla yeddi mərtəbəli olacaq.
Layihəyə əsasən, teatr 3 böyük zal, çoxlu kiçik zal və otaqlardan ibarətdir. Teatrın əsas zalı 2500, digər 2 zal isə müvafiq olaraq 1200 və 1000 yerlikdir.
Əsas zalda səhnə olacaq - 30x21,6 metr. Həmçinin orkestr üçün ayrıca alçaq yer, 2 yan səhnə, arxa səhnə, məşq otaqları, eləcə də digər dünya standartlarına uyğun şərait yaradılacaq.
Üst mərtəbələrdə sərgi və incəsənət zalları, həmçinin məşq otaqları, sənət emalatxanası və digər məkanlar yerləşəcək.
250 avtomobillik dayanacaq üçün yeraltı mərtəbələr, eləcə də digər texniki və təsərrüfat otaqları tikilir.
Ekspertlərin qeyd etdiyi kimi, gələcək teatr Mərkəzi Asiyada ən böyük teatr olacaq.
2018-ci ildə maliyyə çatışmazlığı səbəbindən teatrda tikinti işləri dayandırılıb və 2019-cu ildə bərpa edilib. Daha sonra tikintinin plana uyğun olaraq 2020-ci ilə qədər başa çatdırılacağı bildirilib. Lakin pandemiya səbəbindən tarixlər yenidən təxirə salınıb...