Ötən həftəsonu Heydər Əliyev Sarayı reper Orxan Zeynallının konsertlərinə ev sahibliyi edib.
OLAY yazır ki, reper “Əks-Səda” adlı konsertdən öncə jurnalistlərə müsahibə verib.
“Aylardır hazırlaşırdıq. Fərqli məşqlərimiz oldu. Sırf bu konsert üçün yazılmış duetlərimiz var idi. Dinləyiciyə, səhnəyə hörmət edirik. Dinləyici də onun qarşılığını görür deyə, biletlərimiz satılır. Üç-beş mahnı da olsa, çalışıram ki, canlı oxuyum. Düşünmürəm ki, hansısa ifaçılardan istedadıma və musiqi biliklərimə görə seçilirəm. Burada işə yanaşmaq məsələsidir. Kimsə məndən çox baxış sayı yığır, kimsə toya gedir, mən də konsert verirəm. Əslində, bu dəfə başa düşdük ki, ikigünlük konsert az oldu. Gələn dəfə üçün fərqli məkanlarda, fərqli formatlar düşünürük”.
İki gün ərzində 60 canlı ifa və 5 saatlıq konsertlə tamaşaçılara xoş anlar yaşadan Zeynallı uşaqlıqda məhz bu sarayın səhnəsində çıxış etməyi xəyal etdiyini vurğulayıb. O, açıqlamasında qeyd edib ki, bir zamanlar bu səhnədə “Dəyirman”ın konsertinə gəlmiş və ən arxa sırada oturmuşdu. İllər sonra isə həmin səhnədə öz konsertini verərək sənətçi kimi böyük bir arzusunu gerçəkləşdirib.
Mahnıları ilə bir çoxları tərəfindən böyük maraqla dinlənilən ifaçı səhnədə gənc musiqiçilərlə duetlərini təqdim edib.
Tamaşaçıların konsertə olan marağı böyük idi, çünki biletlər günlər öncədən satılmışdı. Zalda yer alan tamaşaçılar həm mahnılara qoşularaq, həm də ayaqüstü rəqs edərək reperə heyranlıqlarını nümayiş etdiriblər.
Maraqlı məqamlardan biri isə “Yuxu” qrupunun üzvü Cəsur Nemətovun xüsusi olaraq konsert üçün Bakıya gəlməsi olub. O, Orxan Zeynallı ilə duet oxuyaraq tamaşaçıların könlünü fəth edib.
Səhnədə daha sonra müğənnilər Aisel, Zəminə Rəhimova, Mərdan Kazımov, Ceyhun Səmədov və Jozef Abbas çıxış edərək tədbiri daha da rəngarəng ediblər.
Orxan səhnədə həmkarları Saybu və digər tanınmış reperlərlə battle səsləndirib. Gecəboyu onu rəqqaslar müşayiət edib.
Gecənin ən diqqətçəkən məqamlarından biri isə konsertin sonunda baş verib. Orxan Zeynallı səhnəyə 50 sadiq pərəstişkarını dəvət edərək onlarla birlikdə mahnılar ifa edib.
Orxan kimsəsiz heyvanlar üçün başladığı xüsusi aksiyanı da konsert zamanı elan edib. O, bu canlılar üçün sığınacaqların alınması məqsədilə dəstək istədi və tamaşaçıları bu xeyriyyə işinə qoşulmağa çağırdı. Konsert zamanı isə ianə toplanıb və sığınacaqlar üçün yardımlar əldə edilib.
Orxan Zeynallının bu konserti musiqi ilə yanaşı, sosial məsuliyyəti də vurğulayan bir gecə kimi yadda qalıb. Sənətçi səhnədəki enerjisi və insanlara örnək olan təşəbbüsləri ilə həm pərəstişkarlarının, həm də musiqisevərlərin qəlbində özünə xüsusi yer tutub.