AZ

"Bitcoin" və ABŞ hökuməti: Kriptovalyuta tənzimləmələri bazara necə təsir edir?

Son illərdə kriptovalyuta bazarı qlobal maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilərək, iqtisadi və siyasi proseslərin təsiri altında dinamik inkişaf yolunu keçir. 2025-ci ilin yanvarında "Bitcoin"in tarixi maksimum həddə çataraq 109 588 ABŞ dollarına qədər bahalaşması, bu tendensiyanın ən parlaq nümunəsidir. Bu rekord göstərici beynəlxalq bazarlarda qeyri-müəyyənliklərin artdığı və rəqəmsal aktivlərin maliyyə sistemində önəmli yer tutmağa başladığı bir dövrdə baş verdi.

Artıq kriptovalyutaların qlobal iqtisadi sistemə də təsiri xeyli artıb. Kriptovalyutalar artıq yalnız fərdi investorların deyil, həm də hökumətlərin, iri maliyyə institutlarının və şirkətlərin diqqət mərkəzindədir. ABŞ, Avropa İttifaqı və Çin kimi aparıcı iqtisadi güclər bu bazarı tənzimləmək, şəffaflığı artırmaq və sektoru risklərdən qorumaq üçün yeni yanaşmalar tətbiq edir.

2025-ci ilin yanvarında "Bitcoin"in qiymətində qeydə alınan rekord artım, xüsusilə ABŞ-da kriptovalyutalara olan marağın yüksəlməsi ilə əlaqələndirilir. Yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi öncəsi bazarda yaranan müsbət gözləntilər, "Bitcoin"in qiymətinin qısa müddətdə sürətlə artmasına səbəb oldu. Lakin gözlənilən çıxışda kriptovalyutalarla bağlı konkret bəyanat səslənmədiyindən, bu, qısamüddətli korreksiyaya gətirib çıxardı və "Bitcoin"in dəyəri 99 500 ABŞ dollarına qədər enərək, hazırda 100 min ABŞ dolları səviyyəsində ticarət olunur.

Bu hadisə, rəqəmsal aktivlərin beynəlxalq maliyyə bazarlarında nə dərəcədə həssas olduğunu bir daha göstərir. Kriptovalyutaların qiymət dinamikası yalnız texniki və fundamental analizlərlə deyil, həm də siyasi qərarlarla yaxından bağlıdır. ABŞ hökumətinin kriptovalyutalara dair yeni addımları isə bazar iştirakçıları üçün növbəti dönəmi müəyyən edən əsas faktor kimi çıxış edir.

Analitiklərin fikrincə, hazırda "Bitcoin"in əsas dəstək səviyyəsi 96 500-97 000 ABŞ dolları arasında, dirənc səviyyəsi isə 105 800-106 200 ABŞ dolları arasında yerləşir. Ekspertlər bildirirlər ki, növbəti qiymət dəyişiklikləri əsasən ABŞ hökumətinin kriptovalyutaların tənzimlənməsi istiqamətində atacağı addımlardan asılı olacaq.

ABŞ hökuməti kriptovalyuta siyasətində yeni mərhələyə keçir

ABŞ hazırda 21 milyard ABŞ dolları dəyərində kriptovalyutalara sahibdir. Bu portfelə "Bitcoin", USDT, USDC və UNI daxildir ki, bu da ABŞ-ı dünyanın ən böyük kriptovalyuta sahiblərindən birinə çevirir. Yanvarın 23-də Prezident Donald Tramp “Rəqəmsal Maliyyə Texnologiyalarında Amerika Liderliyinin Gücləndirilməsi” adlı sərəncam imzaladı.

Sərəncama əsasən, kriptovalyutaların tənzimlənməsi və şəffaflığın artırılması məqsədilə maliyyə naziri, ticarət naziri, Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri və digər yüksək vəzifəli şəxslərdən ibarət işçi qrup yaradılacaq. Bu təşəbbüs, kriptovalyuta bazarında uzun müddətdir mövcud olan tənzimləmə qeyri-müəyyənliyinin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev "Report"a bildirib ki, ABŞ hökumətinin bu addımı sektorda müsbət əhval-ruhiyyə yaratsa da, daha konkret addımlara ehtiyac var. Onun sözlərinə görə, "Bitcoin" və digər kriptovalyutaların qiymət dinamikası birbaşa fundamental faktorlardan, xüsusilə də ABŞ-ın tənzimləmə siyasətindən asılı olacaq.

“Donald Trampın imzaladığı sərəncam sektorda dönüş nöqtəsi hesab edilə bilər. Bununla belə, hələ də tənzimləmə və bazar şəffaflığı ilə bağlı bir çox sual açıq qalır. Bu qeyri-müəyyənlik isə qiymətlərin dəyişkənliyini artırır”, - deyə E.Quliyev vurğulayıb.

Ekspert hesab edir ki, növbəti həftələrdə ABŞ hökumətinin qəbul edəcəyi qərarlar yalnız "Bitcoin" deyil, ümumilikdə bazarın inkişafı üçün mühüm rol oynayacaq: “ABŞ hökumətinin liderlik təşəbbüsləri digər ölkələrdə də tənzimləmə proseslərini sürətləndirə bilər. Hazırda "Bitcoin" 100 min ABŞ dolları səviyyəsində ticarət olunur, lakin bazar gələcəkdə fundamental və texniki göstəricilərin təsirini daha kəskin şəkildə hiss edəcək”.

Bazarın mövcud vəziyyəti

Hazırda bazar kapitalizasiyasına görə dünyanın ən böyük kriptovalyutası "Bitcoin"dir. Onun qiyməti 98 864 ABŞ dolları, bazar kapitalizasiyası isə təxminən 1,98 trilyon ABŞ dolları təşkil edir. İkinci yerdə "Ethereum" gəlir. Onun qiyməti 3 063 ABŞ dolları, bazar kapitalizasiyası isə 376,14 milyard ABŞ dolları çatır. Üçüncü sırada isə XRP yerləşir. Onun qiyməti 2,79 ABŞ dolları, bazar kapitalizasiyası isə 169,09 milyard ABŞ dolları təşkil edir.

Kriptovalyuta bazarında baş verən bu yeniliklər, sektorda artan tənzimləmə çağırışları və investorların qərarlarına təsir göstərən fundamental faktorlar bazarın gələcək istiqamətini müəyyən edəcək. ABŞ-ın bu istiqamətdə liderliyi sektorda daha sabit və şəffaf mühitin formalaşmasına imkan yarada bilər.

Seçilən
2
38
report.az

10Mənbələr