Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra İranın ali dini lideri Əli Xamneyi Yaxın Şərqdəki qüvvələrə təxribat xarakterli hərəkətlərdən çəkinmələrini tapşırıb.
Modern.az-ın məlumatına görə, bu barədə “The Telegraph” nəşri öz mənbələrinə istinadən yazıb.
Regionda İranın dəstəklədiyi qüvvələrin komandirlərinə, həmçinin ABŞ qüvvələri və ya regional müttəfiqləri tərəfindən aqressiv kimi şərh oluna biləcək hər hansı hərəkətlərdən qaçmaq, müdafiə mövqelərini qoruyub saxlamaq tapşırılıb.
“İraq və Yəməndə qüvvələrə Amerikanın heç bir əmlakını hədəf almamaq göstərişi verilib və əgər hücum olacaqsa, İran silahlarından istifadə etməmək barədə xəbərdarlıq edilib”, - deyə İrandakı mənbə bildirib.
85 yaşlı Əli Xameneyinin hətta keçən həftə sonu Tehranda güllələnən iki hakimin dəfn mərasimində geyimi xüsusi diqqət çəkib. Onun mərasim zamanı üst geyiminin altından zirehli gödəkcə (“bronjilet”) geyindiyi açıq şəkildə görünüb.
Nəşr bildirir ki, İran rejimi Trampın gəlişini ekzistensial təhlükə hesab edir. Əsəd rejiminin devrilməsi İran hakimiyyətini zəiflətməklə yanaşı onları qorxuya salıb.
Mənbələr qeyd edir ki, İranda hazırda İsrail casuslarının müəyyən edilərək tutulması üçün genişmiqyaslı əməliyyat aparılır və onların yüksək rütbəli ofislərə sızması ilə bağlı narahatlıqlar var.
İranın vitse-prezidenti keçən həftə İsrailin hakimiyyət daxilinə sızdığını etiraf edib.