Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Fazil Mustafa 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib.
Hesabatda ən əhəmiyyətli məsələlərdən biri kimi din sahəsində beynəlxalq əlaqələrin inkişafı vurğulanıb. Azərbaycan ərazisindəki müxtəlif dini qurumlarla, o cümlədən İslam və qeyri-İslam dini nümayəndələri ilə əməkdaşlıq həyata keçirilib.
Onun sözlərinə görə, komitənin 2025-ci il yaz sessiyası üçün iş planı layihəsi müəyyən prioritetlər üzərində qurulub. İş planına əsasən, dini məsələlər çərçivəsində ictimai dinləmələr və müzakirələr keçiriləcək, həmçinin bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının aktiv iştirakı da təmin ediləcək. Komitənin əsas məqsədlərindən biri Qərbi Azərbaycanla bağlı məsələlərin diqqət mərkəzində saxlanılmasıdır. Eyni zamanda, dini abidələrin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayrılacaq. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin vəziyyəti və onların bərpası ilə bağlı dinləmələr keçiriləcək”.
F.Mustafa bildirib ki, komitə Gəncə və Naxçıvan şəhərlərində səyyar ictimai dinləmələrin təşkil etməyi də nəzərdə tutur.
Bildirilib ki, iş planı çərçivəsində bir sıra qanun layihələrinin hazırlanması və qəbul edilməsi prosesi də həyata keçiriləcək. Bu layihələr dini hüquqların qorunması, dini dözümlülük və müxtəlif dini icmaların hüquqlarının təmin edilməsi istiqamətlərində mühüm addımlar olacaq. Həmçinin komitənin fəaliyyətində yeni qanunvericilik təşəbbüslərinin və qərarların qəbul edilməsi məqsədilə müvafiq müzakirələr və işlər həyata keçiriləcək. Ümumilikdə 2025-ci ilin yaz sessiyası üçün müəyyən edilən iş planı ölkədəki dini vəziyyətin daha da yaxşılaşdırılması və vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək tədbirlərlə zənginləşməsinə yönləndirilib
Tədbirdə İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.