İsmayıllı rayonunda yas mərasimlərində cümə axşamlarının ləğv olunduğuna dair yayılan məlumat sosial mediada geniş müzakirələrə yol açıb. Bunu haqlı qərar hesab edib dəstəkləyənlər də olub, əleyhinə çıxanlar, dinə və adət-ənənəyə uyğun bilməyənlər də.
Məlumat geniş əks-səda doğurduğundan İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlara işin təşkilatçısı Nəsimi Teymurov açıqlama yayaraq, cümə axşamlarının ləğv olunması ilə bağlı söylənilənlərin həqiqəti əks etdirmədiyini bildirib. Qeyd olunub ki, İsmayıllı rayonunun ağsaqqalları, ziyalıları yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət ediblər. Onların müraciətləri nəzərə alınaraq rayon sakinlərinə tövsiyələr verilib.
N.Teymurov vurğulayıb ki, bu tövsiyələr yas mərasimlərinin şəriət qaydalarına uyğun olaraq sadə formada keçirilməsi ilə bağlı olub. Burada əsas məsələ imkanlı və imkansız ailələr arasında fərqin aradan qaldırılması, yas sahibi olan ailənin əlavə maddi yükdən azad edilməsidir.
Onun sözlərinə görə, əhaliyə yas mərasimlərində vahid tərzdə çadır qurulması, yas süfrəsində yalnız çayın verilməsi tövsiyə edilir. Bu tövsiyə dini dəyərlərə uyğun olaraq israfın qarşısını almağa, cəmiyyət arasında sosial həmrəyliyi artırmağa yönəlib və sosial ədalət prinsipi daşıyır. Məqsəd həmrəy olmaq, qarşılıqlı hörməti artırmaqdır.
Maraqlıdır, dini baxımdan yas mərasimi hansı qaydada təşkil olunmalı, neçə gün davam etməlidir? Ölüsü düşən ev sahibi mərhumu yerdən götürüb dəfn etməyə, ondan sonrakı mərhələlərə hansı qaydada hazırlaşmalıdır? Yas mərasimlərində süfrə açmaq, yemək vermək şəriət qaydalarına, İslamın tələblərinə uyğundurmu? Yas mərasimlərində cümə axşamları nə üçün xüsusi qeyd edilir və bunun əhəmiyyəti nədir? Bütün bunlar barədə müqəddəs “Qurani-Kərim”də müsəlmanlara nə buyrulub?
Mövzu ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev Medianews.az-a bildirib ki, ölkəmizdəki mövcud yas ənənəsi qismən İslam dininin qaydaları, qismən də yerli adət-ənənələr əsasında formalaşıb və tətbiq olunur.
İlahiyyatçı-alimin sözlərinə görə, regionlar arasında adət-ənənədən irəli gələn fərqli tətbiqatların olduğunu görmək mümkündür: “Ancaq bu, dini bir mərasim olduğu üçün İslam dininin qayda-qanunlarına uyğun olmalıdır. İslam dinindəki qayda-qanunlar isə əsasən peyğəmbərdən gələn rəvayətlər əsasında formalaşır. Qısası, İslam şəriətinin təqdim etdiyi yas qaydalarının əsas elementlərini bilməklə ölkəmizdəki mərasim ənənələrinin nə qədər doğru, yaxud nə qədər yanlış olduğunu dəyərləndirmək olar. İslam dininin irəli sürdüyü qaydalar olduqca sadə və zəhmətsizdir. Bu qaydaların diqqət mərkəzində saxladığı əsas üç məqam var: dünyasını dəyişmiş şəxsi İslam qaydalarına uyğun olaraq dəfn etmək, ölmüş şəxsin ruhuna dua etmək və yaxınlarına təsəlli vermək. Məhəmməd Peyğəmbərdən gələn mötəbər rəvayətlərə görə, vəfat etmiş insan üçün nəzərdə tutulan yas müddəti üç gündür. Əlbəttə ki, vəfat etmiş şəxsin yaxınları bu itkinin acısını üç günə unutmurlar, bu kədəri həftələrlə aylarla, hətta illərlə hiss edirlər. Ancaq burada söhbət ondan gedir ki, təziyələri qəbul etmək, başsağlığı üçün gələn insanları qarşılamaq və yola salmaq üçün müəyyən edilən vaxt üç günlə məhdudlaşır. Bu ona görədir ki, vəfat etmiş şəxsin yaxınları dünyadan və gündəlik həyatdan qopmasın, işi olanlar öz işlərinə qayıtsınlar, gündəlik həyatın nizamı pozulmasın”.
K.Tağıyev vurğulayıb ki, ölkəmizdəki mövcud yas ənənəsi cənazə yaxınları üçün yükdür: “Üç, yeddi, cümə axşamları, qırx, əlli iki, il mərasimləri cənazə yaxınları üçün həm maddi, həm də mənəvi yorğunluğa və külfətə səbəb olur. Peyğəmbərimizdən nəql olunan rəvayətlərdə qeyd olunur ki, ölüsü olan ailə öz kədərinə fokuslanmalı, yasını tutmalıdır. Bu vəziyyətdə qonşuların və qohumların yas tutan ailəyə dəstək olması, yemək aparması, onların ehtiyacına uyğun işləri yerinə yetirməsi daha məqsədəuyğundur. Yəni, İslamın prinsiplərinə uyğun olan davranış cənazəsi olan ailənin yükünü yüngülləşdirmək, ona təsəlli verməkdir. Mövcud adətlərə görə isə cənazə yaxınları öz yasını unudaraq, günlərlə davam edəcək təşkilatçılıq işləri ilə məşğul olmağa, bunlar üçün xərc tökməyə məcbur qalırlar. Ehsan süfrələrinə gəlincə, bu da dinin vaciblərindən biri deyil. Ehsanın mənası cənazə yaxınlarının mərhum şəxsin adına xeyir iş görərək onun ruhunu şad etməyə çalışmasıdır. Bu da vacib bir əməl deyil. Ancaq bir çox hallarda bunun da standard bir əmələ çevrildiyini, əsl məzmunundan uzaqlaşdığını görmək mümkündür. Nəticə etibarilə cənazə mərasimlərini sadələşdirmək, cənazə yaxınlarını əziyyətdən və yükdən azad etmək, israfçılığın qarşısını almaq üçün irəli sürülən təşəbbüslər İslam dininin qaydalarına uyğun olduğu müddətcə təqdirəlayiqdir”.
Nailə QASIMOVA