AZ

Yuxarı Talanın Qara və Sarı DƏRDİ – FOTO

Zaqatalanın ən iri yaşayış məntəqələrindən olan Yuxarı Tala kəndinin ərazisindən iki çay keçir. Onlardan biri Qara digər isə Sarı çay adlanır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər iki çayın qovuşduğu məkan yaz və payız daşqınları zamanı daha təhlükəli və dağıdıcı olur.

Sel təhlükəsi barədə məlumat verən sakinlərin sözlərinə görə Qara çay dağlardan gələn sulardan formalaşır. Sarı çay isə əslində Pərzivan suvarma kanalı kimi fəaliyyət göstərir və əsasən əhalinin şəxsi təsərrüfatlarını suvarmaq üçün nəzərdə tutulur. Çayların bir araya gəldiyi leysan və daşqınlar zamanı isə qarşısıalınmaz olur.  


Məlumat üçün bildirək ki, Yuxarı Tala kəndi ərazisindən keçən Qara və Sarı çayları kəndin ərazisində bir məkanda birləşir. Sakinlərin sözlərinə görə yaz və payız aylarında sel daşqınları zamanı burada təhlükəli vəziyyət yaranır.

Sel təhlükəsindən onlarla zərər çəkən sakin var.

Lakin kənd sakini Məhəmməd Əliyev ən çox zərər görənlərdən sayılır. Çünki onun ev təsərrüfatı hər iki çayın qovşağında yerləşir. Bu səbəbdən də o hamıdan çox zərər görür.

“Gördüyünüz kimi, yol tərəfi bəndləyiblər. Lakin biz sakinlərin yaşadığı çayın sağ sahilinə heç bir bənd vurulmayıb. Bu səbəbdən təhlükə ilə üzbəüzük. Keçən il mənim, qonşuların təsərüfatını və bəndimizi sel suları apardı” deyən - Məhəmməd kişi daşqınlar zamanı çayın kənarı ilə uzanan yolu da yuyub apardığını bildirir.


Sakinlərlə söhbət etdiyimiz anlarda  məktəblilərin çay üzərində müvəqqəti quraşdırılan dəmir keçiddən qorxa-qorxa keçdiklərini müşahidə edirik. Öyrənirik ki, bu dəmir keçidi də sakinlər öz hesablarına hazırlayıb. Əsas məqsəd mərkəzi yola tez çıxmaqdan ibarətdir.

Digər kənd sakini Ramiz Mehdiyev bildirir ki, sel-suların dağıtdığı yol kənarlarını qonşular pul yığaraq özləri bərpa etdirib. 

“Yağış yağanda, buraya su gələndə yaşayış məntəqəsinə çox ziyan dəyir, gediş-gəliş problem olur, buradan torpaq yuyulur. Bura beton bənd qoyulmalıdır” deyən Raniz Mehdiyev məsələnin həlli ilə əlaqədar dəfələrlə kənd bələdiyyə və icra orqanlarına, rayon icra hakimiyyətinə eləcə də müvafiq qurumlara müraciət etdiklərini, hələlik bir nəticənin olmadığını əlavə edir. 

Problem nə zaman həllini tapacaq?


Yuxarı Tala bələdiyyəsinin sədri Eldar Qanzayev sakinləri narahat edən məsələ ilə bağlı bildirir ki, qeyd olunan ərazidə beton bəndin tikilməsi üçün rayon rəhbərliyi müvafiq qurumlara hələ ötən ildən rəsmi müraciət ünvanlayıb. Müvəqqəti dəmir keçidə gəldikdə isə onun da beton bənd salındıqdan sonra əsaslı təmir ediləcəyi gözlənilir.

Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən isə məsələdən xəbərdar olduqlarını və cari il ərzində beton bəndin inşasının nəzərdə tutulduğunu qeyd etdilər.

İdarənin baş mühəndisi Ceyhun Mirzəyev Qara çay sisteminin Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində sağ sahli boyunca bir kilometr uzunluğunda daş beton bəndin tikilməsi barədə təklifin yuxarı orqanlara verildiyini bildirir. O, maliyyə vəsaitləri ayrılan kimi həmin bəndlərin inşasının başlanılacağını da diqqətə çatdırır. 


Baş mühəndis sözlərinə onu da əlavə edir ki, rayonda dağ çaylarının yaratdığı bir çox fəsadların qarşısının alınması üçün bu il rayon ərazisindən axan Muxaxçayın sağ və sol sahilində, Çobankol, Suvagil, Qımır və Əliabad kəndlərinin sel-daşqın sularının zərərli təsirindən qorunması, həmçinin Yevlax-Zaqatala- Gürgüstan magistral yolunun sel sularından mühafizə olunması üçün 2100 paqon metr uzunluğunda beton bəndin inşası planlaşdırılıb.

Bununla yanaşı, Talaçayın sağ və sol sahilində, Göyəm, Dardoqqaz, Aşağı Tala və Üçüncü Tala kəndlərinin əkin, bağ-təsərrüfat sahələrinin, yaşayış məntəqələrinin sel sularından mühafizə olunması məqsədilə sahilqoruyucu daş beton bəndlərinin genişmiqyaslı əsaslı tikintisi nəzərdə tutulur.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
3
3
bizim.media

7Mənbələr