“Gərək, cəmiyyətə müəllimi tanıdaq ki, cəmiyyət də onu tanımış olsun”.
TehsilForumu.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov qeyd edib.
Ekspert söyləyib ki, bu gün, bəlkə də müəllim qədər diqqət və qayğıya, maddi və mənəvi dəstəyə ehtiyacı olan ikinci bir peşə sahibi təsəvvür etmək çətindir:
“Nə ya yaxşı ki, AzEdu.az Təhsil Portalı müəllimə olan diqqət və qayğı ənənələrimizi yaşadır.Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq,bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.”
Bu gün, bəlkə də müəllim qədər diqqət və qayğiya, maddi və mənəvi dəstəyə ehtiyacı olan ikinci bir peşə sahibi təsəvvür etmək çətindir. Gərgin əmək və stress, müqəddəs peşə fəaliyyəti ilə bağlı yüksək məsuliyyət hissi, yerli-yersiz təlimlər, treninglər, imtahanlar, əlavə summativ, formativ hesabatlar həyəcanı, ona olan inam və güvənin itirilə bilməsi xofu, sertifikasiya və digər obyektiv və subyektiv səbəblərdən iş yerini itirmək qorxusu, bəzi məmur özbaşınalıqları və haqsızlıqlar. Başqa, daha nələr, nələr...
Bir çox peşə sahiblərindən fərqli olaraq, bu şərəfli peşə sahiblərini ruhlandırmaq, onların ağır zəhmətini dəyərləndirmək, fəal müəllimləri rəğbətləndirmək, yaradıcılıq fəaliyyətlərini başqalarına tanıtmaq, digərlərini də yaradıcılığa sövq etmək üçün mövcud vəziyyətə, yeni şəraitə uyğun təkliflər düşünülməli, layihələr hazırlamalı, təcrübələrini geniş ictimaiyyətlə bölüşmək üçün onlara tribuna verilməlidir.
Hələ təyinatla kənd məktəbində pedaqoji fəaliyyətə başladığım ilk illərdən məni ən görkəmli pedaqoqlar, hər kəsə örnək ola biləcək novator müəllimlər, onların qabaqcıl iş təçrübəsi maqaqlandırıb.Mətbuat səhifələrindən bilirdim ki, Ukraynanın Pavlış orta məktəbinin müəllimi V.A.Suxomlinski novatorluğu sayəsində sıravi müəllimlikdən həmin məktəbin direktoru olub, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar müəllimi, Sosialist Əməyi Qəhrəmanı titullarına layiq görülüb, 40 monoqrafiya, 600 elmi məqalə, 1200 hekayə və nağılın müəllifinə çevrilib. O, dünya təhsil tarixində nəzəriyyə ilə eyni vaxtda praktik fəaliyyətlə də məşğul olan tək-tək pedaqoqlardan biri olub, adi bir məktəbi bütün dünyada tanıtmaqla bərabər, müəllimlərin masaüstü kitabı olan onlarla kitab yazmış, öz pedaqoji sistemini yaratmış, təhsil sahəsində bir çox "ilk”lərə imza atıb. V. A. Suxomlinskinin "Ürəyimi uşaqlara verirəm” kitabı Ukrayna Dövlət Mükafatına layiq görülüb”.
N.İsrafilov vurğulayıb ki, gərək, biz cəmiyyətə müəllimi tanıdaq ki, cəmiyyət də onu tanımış olsun:
“Bu kitabı əldə edib oxuduqdan sonra, istər-istəməz düşüncələrə qapılırsan ki, niyə bizim müəllimlər, məktəb, digər təhsil müəssisələri rəhbərləri özlərində cəsarət tapıb, öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar, milli təhsil sistemi ilə çağdaş təhsildəki fərqli və ortaq məqamlara münasibət bildirməsinlər?