Fransanın dənizaşırı əraziləri öz xalqları üçün tam suverenlik əldə etmək məqsədilə Beynəlxalq Dekolonizasiya Cəbhəsini (FID) yaradıb.
Bununla bağlı “Report” bu yaxınlarda Fransa və Niderlandın müxtəlif ada ərazilərinin nümayəndələrinin iştirakı ilə Yeni Kaledoniyada keçirilmiş konqresin yekun bəyannaməsinə istinadən məlumat verir.
Yekun sənəddə qeyd olunur ki, cəbhənin əsas məqsədi planeti hər hansı müstəmləkə mövcudluğundan həmişəlik xilas və bu ərazilər üçün tam suverenlik əldə etmək üçün qüvvələri birləşdirməkdir.
FID dünya arenasında dekolonizasiya məsələlərinə diqqət çəkmək və səyləri birləşdirmək üçün platforma rolunu oynamağa çalışır.
"Biz müvafiq ölkələrimizdə milli emansipasiya proseslərini sürətləndirmək üçün BMT-nin "müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq onilliklər" haqqında qətnamələrindən istifadə etmək niyyətindəyik", - sənəddə qeyd olunur.
Konqres müstəqillik hərəkatları və onların xalqları arasında həmrəyliyi təşviq etməyi öhdəsinə götürüb. Bu dəstək həm diplomatik səylər, həm də "Fransa müstəmləkəçiliyinə, onun repressiv siyasətinə və cinayətlərinə qarşı mübarizə" şəklində olacaq.
FID-in əsas vəzifələri Fransanın repressiyalarına bəraət qazandırmağa xidmət edən "rəsmi yalanlara" qarşı mübarizə aparmaq üçün dünya ictimaiyyətini bütün mümkün vasitələrlə məlumatlandırmaqdır.
Cəbhə Martinika, Qvadelupa, Fransa Qvianası və Korsikanın BMT-nin dekolonizasiya ediləcək ölkələr siyahısına daxil edilməsinə nail olmaq niyyətindədir. Təşkilat həmçinin Qoşulmama Hərəkatında müşahidəçi üzv statusu almağı və müstəmləkəçiliyin ləğvi üçün strategiya hazırlamağı planlaşdırır.
FID-in təsisçiləri Yeni Kaledoniya, Fransa Polineziyası, Martinika, Qvadelupa, Fransa Qvianası və Korsikadan olan siyasi partiyaların, qeyri-hökumət təşkilatların liderləri və fəallar, həmçinin Bonayre və Sint-Marten daxil olmaqla Fransa hüdudlarından kənar ərazilərin nümayəndələridir (ümumilikdə 15 nəfər imzalayıb).
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılması haqqında Bəyannamə 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda tərəflər arasında imzalanıb, FID-in yaradılması barədə yekun qərar Numeada keçirilən konqresdə qəbul edilib.