ABŞ-ın yeni prezidenti Donald Trampın açıqlamaları dünya miqyasında geniş müzakirələrə səbəb olmağa davam edir. Hakimiyyətə gəlişinin ilk günlərindən etibarən onun atdığı addımlar və verdiyi bəyanatlar təkcə beynəlxalq siyasətə deyil, həm də qlobal iqtisadi proseslərə ciddi təsir göstərib. Trampın prezident kimi deyil, sanki böyük bir şirkətin rəhbəri kimi hərəkət etməsi diqqət çəkir. Xüsusilə enerji bazarındakı təşviş və dünya birjalarındakı dalğalanmalar onun qərarlarının qlobal iqtisadiyyata təsirinin göstəricisidir. Yeni administrasiyanın bəyanatları fonunda enerji sektorunda qiymətlərin hansı istiqamətdə dəyişəcəyi, qlobal ticarət balansına necə təsir edəcəyi və ümumilikdə dünya iqtisadiyyatında hansı yeniliklərin baş verəcəyi əsas müzakirə mövzularından biridir. Trampın rəhbərliyi altında ABŞ-ın iqtisadi siyasəti dünya iqtisadiyyatında köklü dəyişikliklərə yol aça bilərmi?
İqtisadçı, ekspert Pərviz Heydərov Moderator.az-a açıqlamasında qeyd edib ki, ABŞ-da Administrasiya dəyişikliyi, xüsusən də D. Trampın hakimiyyətə növbəti gəlişi həm dünya iqtisadiyyatı üçün, həm də dünyanın siyasi arenası üçün çox şeylər vəd edir:
“Bu vədlər, hələki ümidlər səviyyəsindədir. Ağ Evin yeni sahibi özü demişkən, O, birinci Prezidentliyinin sonunda dərhal ikinci dəfə də dövlət başçısı postunda qalsaydı çox güman ki, hazırda dünya nə iqtisadi nöqteyi-nəzərdən, nə də siyasi baxımdan indiki vəziyyətdə deyildi. D. Tramp iqtisadi sferanın adamıdır ki, iqtisadiyyatın qanunlarını yaxşı bilir, siyasi münasibətlərə və arenaya iqtisadi prizmadan yanaşır. Odur ki, ABŞ-ın iqtisadi maraqları Onun üçün ilkin şərtdir. Bu isə o deməkdir ki, hansısa siyasi ambisiyalar naminə iqtisadi maraqları qurban vermək D. Tramp üçün yaddır. Bütün bu deyilənlər səbəbindən də D. Tramp seçkidə qalib gələn kimi ilk növbədə birjalarda buna müsbət reaksiyalar qeydə alındı. Tramp enerji bazarlarında sabitliyin tərəfdarıdır və odur ki, ona görə hazırki qiymətlər yüksək səviyyədədir. Sözügedən şəxs hələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollarından yüksəkdə tutmaqda günahlandırırdı. D. Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır. D. Trampa görə ABŞ valyutası yumşaq dəyərə malik olmalıdır, ona görə alıcılıq qabiliyyəti digər valyutalara nisbətən yüksək olsun. D. Trampa görə, Avropa Birliyi, Çin ABŞ iqtisadiyyatından və Amerika bazarından öz mənfəətləri üçün az yararlanmalıdırlar. Ümumiyyətlə, ABŞ maliyyəsindən və yardımından sui-istifadə hallarına son qoyulmalıdır və sair...
Odur ki, bütün bunlara nail olmaq üçün ilkin şərt Rusiya-Ukrayna müharibəsinin dayandırılmasından ibarətdir. Rusiya Federasiyasına qarşı tədbiq edilən sanksiyalar heç də nə ABŞ, nə də dünya iqtisadiyyatı üçün sərfəli deyil. D. Tramp bunu çox gözəl başa düşür və açıq etiraf edir. Ona görə də birinci növbədə bu müharəbəyə son qoymaq istəyir. Həqiqətən də, bugün bir çox strateji məhsullar üzrə bazarlarda, qlobal iqtisadiyyatda qarşılıqlı əlaqələrdə, qeyri-sabitlik ilə qeyri-müəyyənlikdə Rusiya-Ukrayna müharibəsinin həlledici rolu var. Bu səbəbdən də bu müharibə bitməlidir.
Hesab edirəm, ilin ikinci yarısınadək bir çox şeylər aydın olacaq. İqtisadi qanunların önə çıxarılması bir çox keyfiyyət dəyişikliklərinin baş verməsi üçün yol açacaq. Və nəticədə, bundan hər bir ölkə müsbət meyllər əldə edəcək”.
Mehin Mehmanqızı