Ölkəmizdə keçirilən COP-29 tədbiri ilə bağlı Premyer Liqanın bəzi klubları başının çarəsinə baxmaq məcburiyyətində qaldı.
Gündəlik məşqlərini Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydanlarında keçən “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, hətta “Səbail” özlərinə yeni məkan axtarmaq məcburiyyətində qaldılar.
Artıq aylardır hərəsi bir yolla başının çarəsinə baxmaqdadır. Biri “Azersun Arena”ya sığınıb, o biri Buzovnadakı stadionun xidmətindən yararlanır, bir başqası Mərdəkanla Sumqayıt arasında qalıb.
BOS-dakı işlər tam yekunlaşmayana qədər vəziyyət indiki şəkildə davam edəcək. Premyer Liqa təmsilçiləri şad xəbəri ən yaxşı halda apreldə alacaq.
COP-29 noyabrda başa çatsa da, qurğuların söküntü-daşınma işlərinə dekabr ayında start verilib. Və hələ də davam etməkdədir. Avadanlıqların daşınması, yəni stadionun əvvəlki vəziyyətinə qayıtması azı bir ay vaxt tələb edir.
Sonrakı mərhələdə isə aylardır baxımsız qalan meydanlarda renovasiya işləri aparılacaq. Bunun üçünsə soyuq aylardan qurtulmaq mütləqdir. Ənənəyə əsasən, renovasiya hər il martına təsadüf edir və 4-5 həftə vaxt alır.
Prosesə martda start verilsə, qazonlar aprelin ikinci yarısında hazır vəziyyətə gətiriləcək.
Təbii ki, gedişat zamanı fərqli qərar qəbul edilməsə. İşdir-şayət, müvafiq qurumlar tərəfindən yardımçı meydanların ot örtüklərinin yenisi ilə əvəzlənməsinə dair qərar verilsə, belədə, Premyer Liqa təmsilçiləri cari mövsümdə BOS-a ayaq basa bilməyəcək.
Lakin bu, o qədər də inandırıcı görünmür.
HƏBİB / SPORTİNFO.AZ