İtaliya A Seriyasının 22-ci turunun “Leççe” ilə səfər oyunundakı 4:0 hesablı qələbə “İnter”in baş məşqçisi Simone İnzaqi üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu, italyan mütəxəssisin İtaliya A Seriyası çərçivəsində keçirdiyi oyunlarda 200-cü qələbəsi olub.
Müvafiq sayda qələbə əldə etmək üçün İnzaqiyə 332 oyun kifayət edib ki, bu da İtaliya A Seriyasında mütləq rekorddur.
Əvvəlki rekord isə “Milan” və “Yuventus”un keçmiş çalışdırıcısı, italyan mütəxəssis Massimiliano Alleqriyə məxsus idi. Alleqiyə İtaliya A Seriyasında 200 qələbə etmək üçün 338 oyun gərək olmuşdu.
“İnter”i uğurla çalışdıran İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İtalyan mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 189 oyun, 126 qələbə, 34 heç-heçə, 29 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 382:156 nisbətindədir.
İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb.
Keçirdiyi 21 oyunda 50 xal toplamış və İtaliya A Seriyasının 2-ci pilləsində qərarlaşmış “İnter” 22 oyundan 53 xalla zirvədə qərarlaşmış “Napoli”ni daban-daban təqib edir və mümkün liderliyə iddialıdır.