İlyas Hüseynov: “Ermənistan da məhz təhlükəsizlik çətiri, təhlükəsizlik zəmanətləri ilə ABŞ-ı daha çox bizim regiona çəkir”
Ermənistanın sərhəd təhlükəsizliyi imkanlarının inkişaf etdirilməsində ABŞ-ın yardımı Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasını asanlaşdıracaq. Bunu yanvarın 24-də Milli Assambleyada xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “sərhəd təhlükəsizliyi imkanlarının gücləndirilməsi” dedikdə nə nəzərdə tutulduğuna dair suala cavab olaraq bildirib.
“Bunu həmişə üçüncü ölkə edib. Nəhayət, sərhədimizə özümüz nəzarət etməyə başlamalıyıq. İdeal dünyada hər bir ölkə öz sərhədlərinə nəzarət edə bilməlidir”, - Hovhannisyan vurğulayıb.
Erməni nazir müavini əlavə edib ki, ABŞ-ın Ermənistana bu sahədə dəstəyi Ermənistanın imkanlarımızın artırılmasına, o cümlədən müvafiq təcrübə mübadiləsinə yönəlib.
Bildirilir ki, yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi olub. Ermənistan tərəfdən sənədi xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfdən isə dövlət katibi Entoni Blinken imzalayıb. Sonuncu bildirib: “Gələn ay, yaxın həftələrdə gömrük və sərhəd təhlükəsizliyi qrupu sərhəd təhlükəsizliyi imkanlarını inkişaf etdirmək yönündə erməni tərəfdaşlarla işləmək üçün Ermənistana səfər edəcək”.
Ermənistanın xarici işlər nazirinin müavini açıq şəkildə bəyan edir ki, ABŞ-ın dəstəyilə rus hərbçiləri İran və Türkiyə ilə sərhədlərdən çıxarılacaq.
Erməni nazir müavini deyir ki, sərhədimizin möhkəmlənməsinə çalışırıq və işimiz Amerikanın dəstəyi ilə İran və Türkiyə ilə sərhəhdimizdən rus qoşunlarının çıxarılmasını təmin etməkdən ibarət olacaq.
Ermənistan rus hərbçilərini ABŞ-ın dəstəyi ilə sərhəddlərdən çıxarır.
“Rusiya və ABŞ öz geosiyasi maraqlarını proksi ərazi olaraq Ermənistanda icra etmək fikrinə düşə bilər”
Ermənistan XİN-in bu bəyanatını şərh edən politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan uzun müddətdir, Rusiyanın ölkəsində olan maraqlarını azaltmağa çalışır. “Ermənistan çalışır ki, onları yox etsin, həm İran-Ermənistan, həm də Ermənistan-Türkiyə sərhədindən Rusiya sərhədçilərini çıxarsın, 102-ci hərbi bazanı yola salsın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi Birliyindən çıxsın. Bu istiqamətdə praktiki addımlar atır. Əvəzində isə Rusiyanın iştirak payını Qərb iştirakçılığı ilə əvəz etmək məqsədi vardı. Bu xüsusda Brüssel və Vaşinqtonla, Parislə müxtəlif məsələhətləşmələr icra olunur, fəaliyyət planı həyata keçirilir”.
İ.Hüseynovun sözlərinə görə, xüsusilə görünən budur ki, yanvarın 14-də demokratların fəaliyyəti başa çatmamış Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması bir qədər də İrəvanı ürəkləndirib. “Daha çox ABŞ iştirak payını Cənubi Qafqazda görməyə çalışırlar. Şübhəsiz ki, Vaşinqton buna müsbət yanaşır, belə bir geosiyasi ambisiyaları var, bunu da gizlətmirlər. Ermənistan da məhz təhlükəsizlik çətiri, təhlükəsizlik zəmanətləri ilə ABŞ-ı daha çox bizim regiona çəkir. Hesab edirəm ki, bunun geosiyasi nəticələri ola bilər, Rusiya və ABŞ öz geosiyasi maraqlarını proksi ərazi olaraq Ermənistanda icra etmək fikrinə düşə bilər, nəticədə də Ermənistan dövləti və dövlətçiliyi sual altına qalacaq. Biz elə Ukraynada baş verən prosesləri görürük. Sanki vaxtilə Kiyev adminstrasiyası hansı addımlar atmışdısa Ermənistan da bu addımları atır. Burada Ermənistanı daha çox cəsarətləndirirlər və çalışırlar ki, öz maraqlarını təmin etmək mümkün olsun” - deyə İ.Hüseynov vurğuladı.
İradə SARIYEVA