Çinli süni intellekt startapı "DeepSeek"in təqdim etdiyi yeni model ABŞ texnologiya şirkətlərinin süni intellekt sahəsindəki üstünlüyünü təhdid edərək qlobal bazarlarda əks-səda yaradıb.
Valyuta.az “Yahoo Finance”a istinadən xəbər verir ki, “Nasdaq 100” gələcək kontraktları 3% dəyər itirərək, son bir ayın ən böyük geriləməsini yaşayıb. Eyni zamanda, S&P 500 gələcək kontraktları 1,6% eniş göstərib. Avropa bazarlarında isə "ASML Holding NV"nin 9%-lik dəyər itkisi əsas indekslərdə azalmaya səbəb olub. "ASML"in itkiləri onun qabaqcıl çip istehsal avadanlıqları hazırlayan əsas şirkət olması ilə əlaqələndirilir.
"DeepSeek"in yeni süni intellekt modeli ABŞ-ın qabaqcıl texnologiya şirkətləri, o cümlədən "Apple", "Microsoft", "Meta" və "Tesla"-nın bu həftə təqdim edəcəyi hesabatlar fonunda ciddi bir rəqib olaraq görünür. Şirkət, daha az inkişaf etmiş çiplərdə işləməklə daha səmərəli və maliyyət baxımından əlverişli bir həll təqdim edir. Bu isə "Nvidia" kimi yüksək qiymətləndirilən ABŞ şirkətlərinə təzyiq göstərir.
"DeepSeek"in uzunmüddətli perspektivdə dayanıqlı və daha ucuz alternativ olub-olmayacağı hələ dəqiq bilinmir, lakin ilkin narahatlıqlar ABŞ texnologiya nəhənglərinin qiymət siyasətinə təsirin olacağı üzərində cəmlənib.
Bitcoin və kriptovalyutalar da təsirdən yayınmayıb
Bazar ertəsi Avropada “Bitcoin” 6,5%-dən çox dəyər itirərək $98,000 həddinin altına düşsə də, sonradan bir qədər itkiləri bərpa edib. ABŞ Prezidenti Donald Trampın cümə günü kripto siyasətinə dair işçi qrup yaratmaq barədə verdiyi sərəncamdan sonra investorlar mənfəət götürmək məqsədilə satış həyata keçiriblər.
Əvəz Həsənov