"SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azreform.info -ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırov ifadə verib.
O bildirib ki, 2003-cü ildən ölkə xaricində yaşayır və Azərbaycanla yanaşı həmçinin Rusiyanın da vətəndaşıdır:
"İttihama görə, guya, mən Azərbaycanda media şirkəti yaratmışam. "İnterAz" kanalını Rusiyada Azərbaycan diasporu yaradıb. Daha sonra 2007-ci ildə mən almışam, 2009-cu ildə "SalamNews" agentliyini yaratmışam. 2017-ci ildə kanalın Türkiyə nümayəndəliyi yaradılıb. Bu kanal Azərbaycan kanalı deyil, Azərbaycan diasporunun kanalı olub və Rusiyada yaranıb”.
Mətləb Bağırovun sözlərinə görə, onun biznesi ölkə xaricindədir: "Həmçinin şəriklərim də var. İşlərimi özüm birbaşa görməsəm də, məsuliyyəti boynuma götürdüm. Bəzi işləri şərikim T.X. həyata keçirirdi. Pul lazım olanda ona deyirdim, göndərirdi. Pulu necə göndərdiyi barədə xəbərim yox idi. N.K adlı şəxs T.X-nin tanışı idi. Mən onu şəxsən tanımırdım. Güman edirəm ki, T.X-də pul olmayanda başqa tanışlarından alıb mənə göndərirdi, N.K. da onlardan biri ola bilər".
Məhkəmənin növbəti iclası fevralın 10-a təyin olunub.
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham irəli sürülüb.