Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir. Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamalarını təmin etməlidir. “Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına xidmət edir. Ermənistanın isə bu prosesə maneə törətməsi regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti tərəfindən bu prosesin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atılmaqdadır”, - deyə o vurğulayıb.
Deputat xatırladıb ki, tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda yaşamış soydaşlarımız zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin salınıblar. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından düşünülmüş şəkildə deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa çeviriblər. Xalqımız öz doğma yurdu olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma evlərinə qayıtmaq arzusu ilə yaşayır.