Onun sdözlərinə görə, ABŞ-nin yeni prezidenti Donald Trampın fəaliyyətə başladığı ilk gündən Moskvaya təhdid dolu bəyanatları, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsini müzakirə etməsi, Kiyevin atəşkəslə bağlı səsləndirdiyi fikirlər, əslində bu məqsədə xidmət edir:
"Lakin burada əsas ciddi məsələ müharibənin aktiv fazasının dayandırılıb atəşkəsin əldə olunması, məsələnin danışıqlar masasında davam etdirilməsi ilə bağlı mexanizmin tətbiqi ilə bağlıdır. Çünki ilk növbədə atəşkəsin əldə olunmasında nəinki Qərblə Kiyev arasında, o cümlədən Qərb ölkələri arasında fərqli fikirlər və baxışlar mövcuddur. Qərb və Kiyev bu məsələdə vahid mövqe formalaşdırıb Kremli buna vadar etmək mexanizmi mövcud deyil. Müharibənin aktiv fazada davam etməsi isə Kiyevlə Qərbi daha da çıxılmaz dalana sürükləyir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da bildirib ki, müharibənin uzanması ciddi problemlərə yol aça bilər. "Ukrainskaya pravda"nın yazdığına görə, Budanov ölkə parlamentində qapalı toplantıda çıxışı zamanı deyib ki, yayadək ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər.
Mövcud vəziyyətdə atəşkəsdən başqa alternativi qalmayan Kiyev Qərbdən gələcəkdə Rusiyanın yenidən eskalasiya yaratmayacağına zəmanət istəməsidir. Burada onu da qeyd etmək yerinə düşər ki, Donald Trampın ABŞ-də prezident seçilməsindən sonra Kiyevin son dövrlərdə Qərbi Rusiya-Ukrayna məsələsində təhdid, şantaj siyasətindən geri çəkildiyi açıq hiss olunur.
Amma bununla belə, Kiyev etibarlı atəşkəsin ancaq təmas xəttinə NATO sülhməramlısının yerləşdirilməsi nəticəsində mümkün ola biləciyini bəyan edir və bu məsələdə israrlıdır. Kiyev etibarlı zəmanət üçün NATO-nun 200 minədək hərbçisinin təmas xəttinə yerləşdirilməsini istəyir. Bundan əlavə olaraq, Kiyev Ukraynanın yenidən bərpasına lazım olan maliyyə vəsaitini, ordusunun yenidən tam və ən müasir NATO silahları ilə təchiz olunmasını, ölkənin NATO və Avropa İttifaqına sıx inteqrasiyasını tələb edir. Qərb isə Kiyevin bu təkliflərini həyata keçirməkdə həm çətinlik çəkir, həm də Kiyevin Qərb strukturlarına inteqrasiyası məsələsində Moskvadan çəkinir. Qərb yaxşı anlayır ki, Kiyevin bu şərtlərini qəbul etmək Kremlin əks-reaksiyasına səbəb olacaq və bu səbəbdən də danışıqlar masasına əyləşməyəcək".
Onun sözlərinə görə, Moskva da Qərbin Ukrayna məsələsində vahid və konkret mövqeyinin olmadığını və son vaxtlarda Kiyevə dəstək vermədiyini gördüyündən yaranmış fürsətdən maksimum faydalanır: "Bu ilk növbədə özünü hərbi əməliyyatların getdiyi ərazilərdə göstərir. Rusiya ordusu demək olar ki, Ukraynada Luqansk, Donetsk vilayətlərini tam nəzarətə keçirib. Mariupol, Zaporojye, Xerson, Xarkov kimi ərazilərdə mövqe möhkəmləndirməsi istqamətində əməliyyatlarını davam etdirir. Bir sözlə, Qərbin sanksiya və təzyiqlərinə baxmayaraq Moskva Ukraynanın şərq hissəsində hər ötən gün yeni-yeni yaşayış məntəqlərini nəzarətə götürməklə danışıqlar masasındakı əlini gücləndirir. NATO baş katibinin sabiq köməkçisi, ABŞ müdafiə nazirinin sabiq müavini Vitali Qarber bu yaxınlarda belə bir fikir səsləndirib:
"Rusiya Ukraynada işğal etdiyi əraziləri qaytarmasa, Kreml ərazilərlə birlikdə 26 trilyon dollardan çox olan faydalı qazıntılar əldə edəcək. Odur ki, bu müharibə son nəticədə Rusiya üçün öz bəhrəsini verə bilər. Əgər biz sülh naminə açıq təcavüzü mükafatlandırsaq, bu gələcəkdə bizə qan və xəzinə bahasına başa gələcək". Odur ki, Qərb dilemma qarşısında qalıb. Sanksiyalar təsir etmir, müharibəni davam etdirmək Avropanın özünü çökdürür. Daha ciddi hərbi dəstək isə müharibə coğrafiyasını genişləndirib daha ciddi fəlakətlərə yol aça bilər.
Qərbin Moskvanı atəşkəsə məcbur etməyin yollarından biri Çini bu prosesə cəlb edib beynəlxalq təzyiqi daha da sərtləşdirməklə mümkün ola bilər. Qərb, başda ABŞ olmaqla davamlı olaraq Çinə belə mesajlar verir. ABŞ-nin yeni prezidenti Donlad Tramp Kremlin ünvanına sərt bəyanatlar səsləndirməklə yanaşı, Çinə Rusiyanın işğlaçılıq siyasətindən geri çəkilməsində yardımçı olmaq mesajını verib.Tramp Putinlə bu məsələnin həllində tez bir zamanda Putinlə görüşmək niyyətini ortaya qoyub, amma Kreml hələlik diplomatiya oyunu oynamaqla prosesi uzadır. Yəqin ki, Kreml Ağ Evlə görüşün baş tutması istiqamətində diplomatik kanallarla aparılan müzakirələrdə Rusiya tərəfinin ən vacib şərtlərinin hansısa formada qəbul ediləcəyi təqdirdə baş tutmasına çalışır. Moskva son günlərdə hərbi əməliyyatları aktivləşdirib daha çox Ukrayna ərazisini işğal etməklə buna nail olmaq istəyir".