Oskar mükafatçısı Bill Kondonun yeni filminin premyerası Sundance Film Festivalında olub. Dünən axşam Eccles Center Teatrında kinosevərlərlə görüşən "Kiss of the Spider Woman" adlı musiqili film böyük alqışlarla qarşılanıb.
Hafta.az-ın yazdığına görə, filmin 55 yaşlı ulduzu Cennifer Lopez bu coşğulu dəstək qarşısında göz yaşlarını saxlaya bilməyib.
“Kiss of the Spider Woman” bu il Sundance-in ən çox gözlənilən filmlərindən biri idi.
Kondon 2006-cı ildə “Dreamgirls” və 2017-ci ildə “Beauty and the Beast” musiqili filmlərinin rejissoru olub və Rob Marşallın Oskar mükafatlı Chicago filminin ssenari müəllifi olub.
“Hollywood Reporter”in baş kino tənqidçisi Devid Runi “Kiss of the Spider Woman” Lopezin onilliklər boyu davam edən karyerasında ən yaxşı rollarından biri adlandırır.
Argentinalı yazıçı Manuel Puiqin 1976-cı ildə yazdığı “Kiss of the Spider Woman” romanı ilk dəfə 1985-ci ildə braziliyalı rejissor Hektor Babenko tərəfindən böyük ekrana uyğunlaşdırılıb.
Kannda premyerası olan bu uyğunlaşma baş rol ifaçısı Uilyam Hurtə həm orada, həm də Akademiya Mükafatlarında Ən Yaxşı Aktyor mükafatını qazandırdı və eyni zamanda ən yaxşı film nominasiyasında Oskar mükafatına namizəd olan ilk müstəqil film kimi kino tarixinə düşdü.
Hekayə iki kamera yoldaşından bəhs edir: "Diktaturanı devirməyə ümid edən siyasi məhbus Valentino və ictimai ədəbsizliyə görə məhkum edilmiş Molina. İkisi vaxt keçirtmək üçün Molina sevimli ulduzu İnqridin rol aldığı Hollivud musiqilini təsvir edəndə bir-birini bağlayır".
Nümayişdən sonra festivalın direktoru Eugene Hernandez tərəfindən aparılan sual-cavab zamanı filmin ulduzları alqışlarla səhnəyə çıxıblar.