Kubra Məhərrəmova yazır... Yazıya başlamamışdan əvvəl böyük bir XƏBƏRDARLIQ edirəm. Söhbət savadlı, bilikli, ali tibb təhsilinə malik həkim, həkim-kosmetoloqlardan getmir. Çünki onlar öz mədəniyyətinə, savadına, biliyinə arxayın olub çalışırlar. Və ən maraqlısı odur ki, biz bu peşəkarları nə televiziya, nə də digər reklam bataqlığında görmürük. Çünki adamlar iş görür, şou-hoqqa vermirlər. Keçirəm əsas məsələyə.
Son zamanlar tibb və kosmetologiya sahəsində baş verənlərin, həmçinin illər əvvəl baş verən bu kimi bənzər hadisələrin cəzasız qalması cəmiyyətdə ciddi narazılıq yaradıb. Hesab edirəm ki, bu məsələ nə zamansa partlamalı idi. Artıq heç kimə sirr deyil ki, 7 il ali tibb təhsili alan da, 7 gün kursa gedən də özünə "doktor", "uzman" deyir. Necə deyərlər, "iki eşşəyin arpasını bölə bilməyənlər" "uzman-doktor" olurlar. Düşünürəm ki, bu ədalətsizliyə qarşı ilk növbədə elə əsl, diplomlu, sertifikasiyadan keçən həkimlər mübarizə aparmalıdırlar. Çünki o qədər "balam", "quzum", "pişiyim" deyib xəstə başı aldadan geydirmə həkimlər, kosmetoloqlar var ki, həqiqətən də ara qarışıb, məzhəb itib.
Bir şeyə sevinmək olar ki, deyəsən bu baş verənlər dövlət qurumlarını yuxudan oyadıb. Bu kimi yoxlamalar zamanı da xoşagəlməz mənzərələr baş verir. Belə ki, yoxlamalar zamanı dövlət qurumunun əməkdaşlarına da müqavimət göstərib, telefonu onların başına tolazlayırlar. Əslində bu, elə həmin dövlət qurumuna tolazlamaq deməkdir. O deməkdir ki, mən nə dövləti, nə də onun qurumunu tanıyıram.
Bir faktı diqqətinizə çatdırım. Deməli, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən bu il yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başladılıb. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb. Daha sonra dövlət qurumunun rəsmi press-relizində qeyd edilib ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib.
"Yoxlama nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür", - deyə qurumdan bildirilib.
Bu, əslində çox maraqlı məsələdir... Ya fəaliyyət göstərən klinikanın rəhbərliyi qanun-qaydanı heçə sayır, ya da nəsə başqa səbəb var ki, fiziki zorakılıq və işdən çıxarılması ilə bağlı təhdid edir müfəttişləri. Görəsən, bu toxunulmazlıq hissini, halını Rəna Soltanovaya kim bəxş edib? Məncə dövlət qurumları bir də bu məsələyə diqqət etsələr, yaxşı olar. Çünki hər kəs belə fironluq eləsə, vay dövlət qurumlarının halına. Əgər bundan sonra o klinika yenə bu və ya digər halda fəaliyyət göstərsə, deməli elə Rəna Soltanova düz edib. Çünki cəza olmadıqca, bəziləri Allahlıq iddiasına düşür. İndi keçirəm bu qəbildən olan klinikalarda aparılan proseduralara.
Dolğular... Dodaq, yanaq, üz və daha sonra gəlir ağır artilleriya - bədən dolğusu. Ayaqlar, yanlar, sinələr və s. Adıçəkilən "Laser Beauty Estetik Klinikası"na məhz bədən dolğusu isə bağlı xeyli prosedurlar həyata keçirilib. Vergi müfəttişləri üçün maraqlı ola bilər deyə düşünürəm. Niyə küçədə 50 qəpiyə bulka satan adamdan çek tələb olunur, amma 3000-7000 dollar (5100-11900 manat) alan şəxs(lər) çek vermir(lər). Yox, əgər veribsə, o zaman sübutu da olmalıdır, təqdim eləsin ki, verib...
İndi keçirəm "Aquafilling" preparatına. "Aquafilling" tərkibində poliamid, yəni akrilamid olan süni dolğudur. Preparat ətrafına su toplamaqla canlı toxumada uzun müddətli həcm artımını göstərsə də, yüksək iltihab yaradan və toxuma sensibilizasiya edici xüsusiyyətlərə malikdir. Eyni zamanda vaxt keçdikcə poliamid inyeksiya, müdaxilə olunan nahiyələrdəki sinir liflərinin mielin qişası ətrafına toplana bilir. Bu da neyropatiya-xəstələrdə sinir keyiməsi, küt ağrıların yaranmasına gətirib çıxarır. Uzunmüddətli müşahidələr pasiyentlərin potensial onkoloji problemlərlə üzləşəcəyini 90% hallarda istisna etmir.
Bu hər kəsin əldə edə biləcəyi məlumatlardır. Özünə həkim deyənlər bu preparatı xəstəyə yeridəndə bunları bilmirdilər? Bilmirdisə, o zaman o necə həkimdir? Həkimdirsə, bu zəhəri insanların əzasına, bədəninə nə deyib vurublar? Elə şikayət edən xəstələr də eyni bu halları yaşadığını hər biri eyni cür təsvir edir. Yüksək hərarət, ürəkbulanması, ayağa dura bilməmək, dözülməz ağrılar. Ayaqlarda və yanlarda qaralmalar, şişkinlik, iltihab və s. Peşəkar həkimlər deyirlər ki, bu qəbildən olan süni dolğuları bədəndən tamamilə çıxartmaq və təmizləmək mümkün deyil. Ancaq cərrahi müdaxilə ilə müəyyən hissəsini götürmək mümkündür. Yəni bu kimyəvi zəhər ömür boyu həmin adamların qanında, toxumasında, bədənində olacaq. Burada bir daha düşünmək üçün səbəb yaranır. Bədənə edilən dolğuların tərkibini müəyyən edəndən sonra qərar verin. Azərbaycanda olan əksər dırnaqarası kosmetoloqlar daha çox pul qazanmaq üçün süni dolğulardan istifadə edirlər. Çünki onlar daha ucuzdur. Xəstələrin əksəriyyəti də "kosmetoloqlara" inanır və böyük məbləğləri məhz təbii gel üçün ödədiklərinə inanırlar. Burada ikinci məsələ ortaya çıxır ki, süni gellərin bu miqyasda Azərbaycana gətirilməsində kimlər və hansı şirkətlər maraqlıdır? Dolğuların Azərbaycana gətirilməsinə gəlincə, buna icazəni Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir. Hətta bunun üçün xüsusi gigiyenik sertifikat da verir. O zaman sual yaranır, əgər bu süni dolğular dünyanın bir sıra ölkələrində, xüsusən də adıçəkilən "Aquafilling" dolğusu qadağandırsa, bu dolğu ölkəyə necə keçirilir? Necə sertifikat alır? Yox, əgər Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bundan xəbəri yoxdursa, o zaman digər dövlət qurumu - Gömrük Komitəsi buna necə icazə verir?! Fakt olaraq illərlə bu məhsul Azərbaycana gətirilib və insanlara yeridilib. Yəni belə çıxır ki, sıravi vətəndaşın çantasında üç eynirəngli və eyniölçülü alt paltar olanda Dövlət Gömrük Komitəsi bu məhsulun satış məqsədiylə ölkəyə gətirilməsi fikrinə düşür və dövlət rüsumu ödənilməsini tələb edir. Amma və lakin tonlarla mənşəyi, mənbəyi məlum olmayan süni, ölümə gətirib çıxaran preparatlar ölkəyə çox rahatlıqla gətirilir...
Hər əlinə şpris alan şəxs başlayır pasiyentləri şikəst etməyə. İndi çoxu deyəcək ki, bəs Rəna Soltanova və onun kimi "kosmetoloqların" pasiyentlərinin orqanizminə yeritdiyi süni dolğular nəticəsində problem yaşayan qadınlar niyə şikayət etmirlər? Çünki onların əksəriyyəti utanır. Çünki bu dolğu prosedurlarını edən qadınların əksəriyyəti öz xəyallarındakı gözəl qadın olmaq arzusu ilə həmin "podval klinikalara" gedəndə çox zaman ailə üzvlərindən gizli gedirlər. Bu da ona gətirib çıxarır ki, can çəkişməsinə düşən qadınların şikayətləri hüquq-mühafizə orqanlarına edilmədiyi üçün, dırnaqarası klinikalar da onları qapıdan qovur ki, "get kimə şikayət edirsən et!" Çünki bu qəbildən olan klinika və "kosmetoloqlar" üçün müştəri, elə Rəna Soltanovanın dediyi kimi "kliyent" kassaya qədər maraqlıdır. Pulu ödədisə, vəssalam. Xəstənin sonrakı halı, ağırlaşmaları onlar üçün maraqlı deyil. Bu məsələdə daha bir məqam da var ki, bu qəbildən olan "kosmetololqarın" bir sıra bloqer və tanınmış adamlar vasitəsilə özlərini reklam etmələridir. Orta statistik adam isə hər hansı "ulduzu" həmin kosmetoloqların səhifəsində görən kimi ürəyi məst olur ki, "bəs mən də gedim, belə gözəl olum". Bütün hallarda bu məsələ çox ciddi araşdırılmalı və cəzaları verilməlidir. Yoxsa, belə hərc-mərcliyin sonu ona gətirəcək ki, bir gün telefonu hansısa "kosmetoloq" cənab nazirin başına çırpacaq.