Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Saleh Novruzi ifadə verib.
O bildirib ki, ittihamla tanış olanda orada adları qeyd olunan fiziki şəxsləri tanımayıb:
"Mən əməkdaşların heç birindən pul almamışam. Çantamdan çıxan pul oğluma aid olub. Bizim işimiz ölkəyə idxal olunan qeyri-qida məhsullarına gigiyenik sertifikatın verilməsi idi. Vətəndaş məhsulun kodu ilə bizim mərkəzə yaxınlaşır, sənədləri təqdim edir, doğruluğu yoxlanıldıqdan sonra məhsul laboratoriyaya verilir. Məhsulun növündən asılı olaraq ödəniş olunur. Burada iki rüsum var, biri dövlət, digəri də laboratoriyanın rüsumudur. Pullar bank hesabına ödənilir. Məbləğ məhsula görə dəyişir".
Saleh Novruzinin sözlərinə görə, məhsulun müayinəsi bitəndən sonra laboratoriya sənədləri ilə birgə komissiyaya təhvil verilir:
"Komissiyanın sədri mən idim, cəmi 7 nəfərdən ibarətdir. Komissiyanın nəzərindən keçiriləndən sonra üzvlər sənədlərə qol çəkir və sertifikat verilir".
Təqsirləndirilən şəxs bildirib ki, ofisdə axtarış zamanı çantasında tapılan 30 min manat pul oğluna məxsus olub və ev almaq üçün ona verilib.
"Bu barədə istintaqa bildirməməyimin səbəbi səhhətim ilə əlaqədar idi. Həmin pula Masazırda ev alacaqdıq", - o bildirib.