"Kubok fərqli turnirdir”.
İdman.biz xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Abşeron"la oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis sözlərinə görə, komandası Bakı təmsilçisi ilə görüşə yaxşı hazırlaşıb: “Bu mərhələ bir oyundan ibarətdir. Allah eləsin ki, biz bir oyunla kifayətlənməyək. Mənə elə gəlir ki, şansımız pis deyil. Çünki burada 3+2 sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər. Rəqibi də analiz etmişik, hazırlaşmışıq. Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Çalışacağıq ki, liqadakı uğursuzluğumuzun əvəzini heç olmasa kubokda kompensasiya edək. Ancaq qələbə haqda düşünürük. Alınsa, çox sevinərik".
Qeyd edək ki, “Abşeron” – “Quba” qarşılaşması bu gün saat 19:00-da start götürəcək.
İdman.biz