AZ

BMT-nin Baş katibi ABŞ-ın xarici yardımlara fasilə verməsindən narahat olduğunu bildirib

Bakı, 28 yanvar, AZƏRTAC

BMT-nin rəhbəri ABŞ Prezidenti Donald Trampın xarici yardımlarda fasilə elan etməsindən narahatlığını bildirib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Baş katib Antonio Quterreş ABŞ-ın xarici yardımlarında fasilə elan etməsini narahatlıqla qarşılayıb. Bu barədə jurnalistlərə açıqlama verən BMT-nin sözçüsü Stefane Dujarrik bu yardımların dünya miqyasında həssas əhali qruplarının dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb.

Humanitar və inkişaf proqramlarının icrasının təmin edilməsinin vacibliyini qeyd edən Dujarrik deyib: “Baş katib dünyanın ən həssas icmalarına kritik inkişaf və humanitar fəaliyyətlərin davamlı şəkildə çatdırılmasını təmin etmək üçün əlavə istisnaların nəzərdən keçirilməsinə çağırır. Nəzərə almaq lazımdır ki, onların həyatı bu yardımlardan asılıdır”.

Dujarrik, həmçinin qlobal problemlərin birgə həlli üçün Tramp administrasiyası ilə əlaqə saxlamağın vacibliyini təkrarlayıb. O əlavə edib: “Baş katib inkişaf etməkdə olan dünyanın üzləşdiyi ən çətin problemlərlə mübarizə aparan insanların çox ehtiyac duyduğu inkişaf dəstəyinin təmin edilməsində Birləşmiş Ştatların yeni administrasiyası ilə əlaqə qurmağı səbirsizliklə gözləyir. ABŞ ən böyük yardım təminatçılarından biridir və irəliyə doğru strateji yolu birgə formalaşdırmaq üçün konstruktiv qarşılıqlı fəaliyyətimiz çox vacibdir”.

Yardımlara 90 gün müddətinə fasilə verilməsi Trampın keçən həftə imzaladığı sərəncama əsaslanır və bu addım ABŞ-ın xarici siyasət prioritetlərinə uyğunluğunu qiymətləndirmək üçün atılıb.

Sərəncamda hər il müvafiq olaraq 3,3 milyard dollar və 1,3 milyard dollar xarici hərbi maliyyə alan İsrail və Misir üçün istisnalar göstərilsə də, Ukrayna, İordaniya və Tayvan da daxil olmaqla, ABŞ-ın digər əsas müttəfiqlərinə yardımın mənfi təsirləndiyi bildirilir.

Seçilən
17
1
azertag.az

2Mənbələr