AZ

B.Smotriç fələstinlilərin ərəb ölkələrinə deportasiyası təklifi üzərində işlədiklərini açıqlayıb

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç ABŞ prezidenti Donald Trampın Qəzzanı "təmizləmək" üçün bölgədəki fələstinlilərin İordaniya, Misir və digər ərəb ölkələrinə deportasiyası təklifi üzərində işlədiklərini bildirib.

“Ynet” saytının məlumatına görə, Dini Sionizm Partiyasının lideri B.Smotriç İsrail parlamentində (Knesset) partiyasının qrup toplantısında fələstinlilərin sürgün edilməsi təklifini həyata keçirmək üçün İsrailin baş naziri Binyamin Netanyahu və Nazirlər Kabineti üzvləri ilə bir plan üzərində işlədiklərini açıqlayıb.

B.Smotriç ABŞ prezidenti Donald Trampın bu təklifini "müdrik və realist" bir yanaşma kimi qiymətləndirərək, fələstinliləri öz torpaqlarından çıxarmaq üçün immiqrasiyanı təşviq etməyin yeganə həll yolu olduğunu bildirib.

Misir və İordaniyanın reaksiyalarına münasibət bildirən B.Smotriç ABŞ prezidenti Donald Trampın Kolumbiyanın etirazlarına baxmayaraq immiqrantların deportasiyası ilə bağlı mövqeyini misal gətirib.

Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmalarına toxunan Bazarel Smotriç atəşkəs razılaşmasının birinci mərhələsinin sonunda İsrailin müharibə metodunu dəyişdirməli olduğunu söyləyib. O, "Həmas tamamilə məhv edilməli və Qəzzə tamamilə işğal edilməlidir. Bunun üçün aqressiv qərargah rəisi təyin edilməlidir" deyib.

ABŞ prezidenti Donald Tramp Qəzzadakı fələstinlilərin İordaniya və Misirə deportasiya edilməsi ideyasını irəli sürüb. Tramp bu ölkələri Qəzzanı "təmizləmək" üçün daha çox fələstinlini qəbul etməyə və onları "müxtəlif yerlərdə tikiləcək mənzillərə yerləşdirməyə" çağırıb. O, bunun "müvəqqəti" və ya "uzunmüddətli" ola biləcəyini söyləyib.

 



Seçilən
19
trt.net.tr

1Mənbələr