İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da İspaniya Krallığının Ankaradakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin məlumatına görə, görüş zamanı AZPROMO tərəfindən ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd edilib. Bu ilin mart ayında İspaniya nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində keçiriləcək görüşlər və biznes forumun təşkili, iki ölkə arasında əməkdaşlıq perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər və qarşılıqlı tərəfdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Həmçinin Azərbaycan və İspaniya arasında iqtisadi-ticarət əlaqələrinin qanunvericilik bazasının daha da genişləndirilməsi və mövcud imkanların artırılması istiqamətində potensial perspektivlər vurğulanıb. Bu məqsədlə iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.