AZ

Nigar İsgəndərova: Könüllülük uğurlu gələcək qurmaq yolunda qiymətli təcrübədir

Bakı, 28 yanvar, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC azərbaycanlı könüllülərlə silsilə müsahibələri davam etdirir. Növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Nigar İsgəndərovadır. Gənc könüllü “SDG Youth Community” təşəbbüs qrupu İdarə Heyətinin üzvüdür. O, həmçinin mükafata layiq görüldüyü COP29 və ISYOP kimi irimiqyaslı və beynəlxalq layihələrdə könüllü qismində iştirak edib.

- Nigar, bizə ilk könüllülük təcrübənizdən danışın. Sizi könüllü olmağa sövq edən nə oldu?

- İlk könüllülük təcrübəm Bakı Dövlət Universitetində başladı. Bəlkə də bu istəyi özümdə yaratdım: həyatımı dəyişmək, ona parlaq anlar əlavə etmək ehtiyacı hiss etdim. Mən monotonluqdan uzaqlaşmaq, həqiqətən maraqlı, faydalı və mənalı bir şey etmək, həmçinin yeni insanlarla tanış olmaq istəyirdim. Ona görə də universitetin könüllülər proqramına yazılmaq qərarına gəldim və heç vaxt bu qərarım üçün peşman olmamışam. Bu fəaliyyətlər vasitəsilə tanış olduğum insanlar dördillik təhsilim ərzində mənim yaxın dostlarım oldu. Birlikdə vaxt keçirdik, bir-birimizə dəstək olduq və hər günümüz ilhamla doldu. Təsadüfən bir yerə düşməklə insanların ümumi məqsədlərlə birləşdiyi mühiti şüurlu şəkildə seçmək arasında böyük fərq var. Düşünürəm ki, prosesi həqiqətən əyləncəli edən də budur.

- Könüllü təşkilatlarda işləyərkən hansı bacarıqları əldə etmisiniz? Təhsilinizdə və peşəkar fəaliyyətinizdə sizə necə kömək etdilər?

- Könüllülük fəaliyyətinə başlamazdan əvvəl kifayət qədər utancaq insan idim. Ünsiyyət qurmağı sevsəm də, həmişə fikirlərimi ifadə edə və ya düşüncələrimi açıq şəkildə bölüşə bilmirdim, özümü yöndəmsiz hiss edirdim və özünəinam hissim yox idi. Amma könüllülük məni dəyişdi.

Çoxlu sayda yeni tanışlıq sayəsində insanları daha yaxşı başa düşməyi, onlara yanaşma tərzi tapmağı və qarşılıqlı əlaqə qurmağı öyrəndim. Bu, xüsusilə komandada işləmək bacarığının vacib olduğu peşəkar bir mühitdə son dərəcə vacib bir bacarıqdır.

Məsələn, əvvəllər mənim üçün komandada işləmək çətin idisə, indi komandaya uyğunlaşmağı, hər bir insanın fərdi xüsusiyyətlərinə hörmətlə yanaşmağı və səmərəli qarşılıqlı əlaqə qurmağı öyrənmişəm.

Əminəm ki, uğurlu iş üçün təkcə təhsil kifayət etmir. Çox erudisiyalı insan olsanız belə, ünsiyyət bacarıqlarınız və komandada işləmək qabiliyyətiniz olmadan yüksək nəticələr əldə edə bilməyəcəksiniz.

- “Ecohub” və IDEA-da könüllü kimi hansı layihələrdə iştirak etmisiniz? Bu təcrübə sizə nə öyrətdi?

- “Ecohub”da işləyərkən maarifləndirmə layihələrində fəal iştirak edirdim. Biz məzmunun hazırlanması, videoçəkiliş, araşdırma, ssenarinin yazılması və daha sonra video və digər materiallar vasitəsilə fikirlərimizi tamaşaçılara çatdırmaqda iştirak etdik.

Bundan əlavə, mənə böyük təcrübə qazandıran forumlarda və tədbirlərdə iştirak etdim. Zaman axarında təşəbbüs göstərməyə və oxşar layihələrdə iştirak etməyə başladım.

Onların bəzisində hətta işçi kimi də iştirak etmişəm. Mən, həmçinin “Ecohub” və IDEA fəaliyyətlərinin bir hissəsi olaraq çimərliklərin təmizlənməsi və ağacəkmə kimi ekoloji tədbirlərə qatılmışam. Bu tədbirlər mənə ətraf mühitin mühafizəsinin vacibliyini daha dərindən dərk etməyə kömək etdi.

- “SDG Youth Community” təşəbbüs qrupu İdarə Heyətinin üzvü kimi hansı məsuliyyəti daşıyırsınız? Bu sahədə fəaliyyətinizdə hansı uğurlara imza atmısınız?

- Qrupumuz davamlı inkişaf məqsədləri, maarifləndirici fəaliyyətlərin təşviqi və sosial əhəmiyyətli layihələr üzərində işləmək üçün gənclərin səylərinin birləşdirilməsi ilə məşğuldur.

Əsas məqsəd dayanıqlı inkişaf məsələlərini insanlara daha yaxın və anlaşıqlı etmək, onları hərəkətə keçməyə ruhlandırmaqdır. Bu işdə əsas məsuliyyət dəqiq məlumat verməkdir, çünki hər hansı bir səhv informasiya anlaşılmazlıqlara və yanlış nəticələrə səbəb ola bilər.

Bu təşəbbüs qrupunun bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Komandamız çox mehribandır və həyata keçirdiyimiz layihələr həmişə maraqlı və mənalıdır. Həqiqətən inanıram ki, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsi hamımız üçün daha yaxşı gələcək yaratmağa töhfədir.

- COP29-da könüllü qismində iştirakınız barədə məlumat verin. Bu prosesdə hansı təcrübəni əldə etdiniz və üzərinizə nə kimi məsuliyyətlər götürdünüz?

- COP29 layihəsi mənim üçün ən parlaq və yaddaqalan beynəlxalq tədbirlərdən birinə çevrildi.

Akkreditasiyadan məsul olan komandamız ilk işə başlayanlardan biri oldu. Bu, yüksək məsuliyyət tələb edən bir iş idi, çünki bütün iştirakçılara giriş kartlarını biz verirdik.

İstənilən səhvin ciddi nəticələri ola bilərdi, ona görə də biz son dərəcə diqqətli və dəqiq işləməli olduq.

İşimizin əsas xüsusiyyətlərindən biri çox fərqli xarakter və millətlərdən olan insanlarla ünsiyyət idi. Biz hər kəslə ünsiyyət qurmağa, istənilən vəziyyətdə mehribanlığı və təbəssümü qorumağa çalışdıq. Axı biz təkcə özümüzü deyil, ölkəmizi də təmsil edirdik. Buna görə də, bütün COP29 könüllüləri hər bir qonağın özünü rahat hiss etməsi üçün davranışlarına diqqət edirdilər. Biz turistlərə bələdçilik etmək, onlara kömək etmək və onlar üçün rahat ab-hava yaratmaq üçün əlimizdən gələni etdik.

Amma bu layihədən götürdüyüm ən dəyərli təcrübə əsl komanda işi hissi idi. Biz sadəcə həmkarlar deyil, hamının bir-birinin qayğısına qaldığı əsl ailə olduq. Gimnastika arenasında keçirdiyimiz günlər xüsusilə xoş xatirələr buraxdı: orada bütün komandalar ünsiyyət qurdular, bir-birlərini daha yaxından tanıdılar, dəstək oldular və təcrübələrini bölüşdülər. İş günü bitdikdən sonra biz birlikdə əylənir, zarafatlaşır və asudə vaxtımızdan zövq alırdıq.

Bu, mənim belə böyük və mehriban komandada işləmək üzrə ilk təcrübəm idi. Yüzlərlə insanın bir məqsəd ətrafında bir araya gəldiyini, bir-birini dəstəklədiyini və həqiqi xoş niyyəti qoruduğunu görmək özlüyündə böyük uğur və həyat üçün əvəzsiz dərsdir.

- İştirak etdiyiniz layihələrdən hansını daha çox xatırlayırsınız?

- Bu, “ESN Azerbaijan”ın təşkilatçılığı ilə ISYOP (“International Sustainable Youth Outreach Program”) adlı beynəlxalq layihə idi. Həmin layihə Azərbaycandan və dünyadan olan iştirakçılarla işləmək üçün unikal imkan yaratdı. Layihə bizə təkcə qiymətli nəzəri biliklər deyil, həm də vacib praktiki bacarıqlar verdi.

Mədəniyyət gecələri, intensiv məşq seansları və həyəcanlı ünsiyyət və əyləncə anları unudulmaz təəssürat yaratdı. Amma ən çox layihənin inanılmaz səmimi ab-havasını xatırlayıram. Bir-birimizlə ortaq dil tapmağın asanlığı, mehribanlıq və qarşılıqlı anlaşma bu təcrübəni həqiqətən də əvəzolunmaz etdi və yaddaşımda ən parlaq xatirələr buraxdı.

- Gənc könüllü olaraq hansı çətinliklərlə üzləşirdiniz və onların öhdəsindən necə gəlirdiniz?

- Düşünürəm ki, bir çox könüllülər mənimlə razılaşacaq: ən böyük çətinliklərdən biri ətrafımızda könüllü olmağı çox vaxt mənasız bir şey kimi qəbul edib bizi ruhdan salmağa çalışanların münasibətidir. Maddi mükafatsız işin heç bir fayda gətirmədiyini eşitmək xüsusilə yayğın haldır. Amma bu, heç də doğru deyil. Könüllülük peşəkar və şəxsi inkişaf üçün unikal imkanlar təklif edir. Bu, dəyərli bacarıqlar əldə etməyə, faydalı əlaqələr qurmağa və gələcək karyeranızın təməlini qoymağa kömək edir. Əvvəllər könüllü olduqları yerdə ilk işini alan tanıdığım insanların çoxlu nümunələri var. Buna görə də hesab edirəm ki, könüllülük təkcə cəmiyyətə töhfə deyil, həm də uğurlu gələcəyin qurulmasına kömək edən əvəzsiz təcrübədir.

- Ekologiya sahəsində qarşınıza hansı məqsədləri qoyursunuz və könüllülük onlara nail olmaqda sizə necə kömək edir?

- Ekologiya sahəsində heyran olduğum bir neçə təşkilat var və mən onların komandasının bir hissəsi olmağı arzulayıram.

Hazırda əsas məqsədim bu təşkilatlardan birinə qoşulmaqdır. Gələcəkdə insanları təbiətə qayğı göstərməyə ruhlandırmaq və onların ətraf mühitə məhəbbətini inkişaf etdirmək üçün hər cür səy göstərmək istəyirəm.

Könüllülük təcrübəm inanılmaz dərəcədə müxtəlif olub. Özümü müxtəlif rollarda sınamışam: PR ilə məşğul olmuşam, layihələri idarə etmişəm, koordinator və insan resursları departamentində çalışmışam. Bu təcrübə mənə sənəd idarəetməsi və təşkilati prosesləri başa düşmək kimi mühüm bacarıqları inkişaf etdirməyə kömək edib. Əminəm ki, əldə etdiyim bacarıqlar mənə peşəkar fəaliyyətimdə kömək edəcək.

İşin eyni dərəcədə vacib cəhəti insanlarla ümumi dil tapmaq və komandada səmərəli işləmək bacarığıdır. Könüllülük mənə bu keyfiyyətləri yüksək səviyyədə inkişaf etdirməyə kömək etdi. Bundan əlavə, ekoloji layihələrdə fəal iştirak etmək mənə bu sahədə əsas təşkilatlar, şirkətlər və mütəxəssislər haqqında geniş anlayışa malik olmağa imkan verib.

Ümumiyyətlə, könüllülük nəzəri biliklərimi zənginləşdirmək və peşəkar mühitdə tələb olunan bacarıqları inkişaf etdirmək üçün əvəzolunmaz vasitədir. Bu, mənə məqsədlərimə doğru irəliləməyə və ekologiya sahəsində uğurlu karyeraya hazırlaşmağa kömək edir.

Seçilən
27
30
azertag.az

10Mənbələr