Goranboy Məhkəməsində rayonun mərkəzi xəstəxanasının direktoru Rauf Yəhyayevin cinayət işi üzrə məhkəmə araşdırmaları sona çatıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Rauf Yəhyayev ittiham üzrə təqsirli bilinib, hökmlə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunub. Rauf Yəhyayevin ayağına elektron nəzarət vasitəsi - qandal bağlanıb.
Direktor barəsində cinayət işi ötən ilin yayında başlanıb, ona Cinayət Məcəlləsinin 308.1-ci - dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə maddəsi ilə ittiham irəli sürülüb. Bir neçə ay davam edən istintaq tamamlanaraq cinayət işinin materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdi. İşə hakim Taleh Mustafayevin sədrliyi ilə baxılıb və ittihamedici hökm çıxarılıb.
Xatırladaq ki, istintaqa cəlb olunana qədər Rauf Yəhyayev bir neçə qalmaqalla gündəmə gəlib. O, 2022-ci ilin avqust ayında Goranboy rayonun Bolsulu kənd sakini Laləzar Əliyevanı yumruqla vuraraq xəsarət yetirmişdi. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş başlanılmış və onun barəsində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilmişdi.
2024-cü ilin noyabrında bir neçə şəxs Rauf Yəhyayevə hücum edərək onu döymüşdü. Direktorun döyülməsi videosu yayılandan sonra o, açıqlama verib, ona hücum edən şəxslərin ağrıkəsici dərmanlar tələbi ilə döydüklərini demişdi.
Bundan sonra Rauf Yəhyayev sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.
Məhkəmə hökmündən sonra Rauf Yəhyayev tutduğu vəzifədən azad edilib.
Mənbə: oxu.az