Olaylar.az xəbər verir ki, Tramp DeepSeek-in güclü tərəflərini qəbul etdiyini, lakin bu sahədə ABŞ-nin üstünlük əldə edəcəyinə əmin olduğunu bildirib:
"Düşünürəm ki, bu, pis bir şey deyil. Əgər daha ucuzdursa və faydalıdırsa, bizə də xeyir gətirəcək. Amma gələn həftə müxtəlif insanlar DeepSeek-dən üstün həllər elan edəcəklər," - deyə Tramp vurğulayıb.
O, ABŞ-nin texnoloji liderliyini itirməyəcəyinə əmin olduğunu əlavə edib: "Xeyr, biz hər şeydə dominant olacağıq. Biz üstünlük göstərəcəyik."
Digər tərəfdən, Çin layihəsi DeepSeek, 27 yanvar, bazar ertəsi günü kiberhücumlara məruz qaldığını açıqlayıb və bu səbəbdən müvəqqəti olaraq qeydiyyatları məhdudlaşdırıb. DeepSeek-in daha ucuz və zəif çiplərdə rəqiblərindən daha effektiv işləməsi bazarda üstünlük qazanmasına səbəb olub.
Lakin texnologiya sektorunda baş verənlər bir sıra maliyyə bazarlarına təsir göstərib. Nvidia-nın səhmləri son illərin ən pis gününü yaşayaraq 16 mart 2020-ci ildən bəri ən aşağı nöqtəyə düşüb və bazar kapitalizasiyasında 600 milyard dollar itirib. ABŞ-da özəl texnoloji şirkətlərin ümumi dəyəri isə bir gün ərzində 1 trilyon dollardan çox azalıb.
Qeyd edək ki, DeepSeek tətbiqi Apple App Store-un ən yaxşı pulsuz tətbiqlər reytinqində birinci yeri tutub və Google Play-də ən çox yüklənənlərdən biri olub.