DiN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir. Su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar.
DİN-dən Medianews.az-a bildirilib ki, yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı “Qırmızı Kitab”a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir. Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
“Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – deyə DİN-dən bildirilib.