AZ

Şeyx Şamilin büstünü partladan və hərbi hissəyə hücum edən ömürlük məhkumla bağlı qərar verildi

Zaqatalada 24 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Emin Baqqayevlə bağlı məhkəmə prosesi keçirilib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
 
Qərara əsasən, hökm qüvvədə saxlanılıb.
 
Emin Baqqayev ərizəsində 20 ildən artıqdır cəza çəkdiyini, barəsindəki hökmün müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmasını xahiş edib.
 
Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala Rayon Polis Şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.
 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədilə 2001-ci il iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun "Qala" adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki şeyx Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən rayonun Kebeloba kənd sakinləri - İlham və Emin Baqqayevlər, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunublar.
 
Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli bilinən 23 nəfər tutulub.
 
İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.
 
Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.
Seçilən
4
5
moderator.az

7Mənbələr