Balakən şəhər sakini Ülkər Qurbanovanın mobil operator adı ilə gələn zəngə cavab verməsi ona sözün əsl mənasında baha başa gəlib. Belə ki, dekabrın 9-da xanıma zəng edərək özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini deyib. Bundan sonra onun telefona girişi məhdudlaşıb. Baş verənlərdən şübhələnən Ü.Qurbanova dərhal banka zəng edərək kartları ilə bağlı narahatlığını bildirdikdə, ona hər şeyin qaydasında olduğu deyilib.
Referans.az xəbər verir ki, ATV-yə danışan zərərçəkən telefonu düzəlmədiyi üçün banka getdiyini bildirib.
Sitat: “Orada məlumat aldım ki, kredit artıq adıma oturub. 18 828 manat məbləğində kreditdir və aylıq ödəniş 529 manat 30 qəpikdir”.
Bu, necə baş verə bilər?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, kibercinayətkarlığın artdığı müasir dönəmdə hər bir vətəndaş onun telefonuna kənar nömrələrdən gələn zənglərə qarşı diqqətli olmalıdır.
Onun sözlərinə görə, kibercinayətkarlar xüsusilə banklardan vətəndaşların və müəssisələrin vəsaitlərinin oğurlanmasında daha böyük aktivlik göstərirlər:
“Görünən budur ki, banklarda bu cür halların qarşısını maksimum almaq üçün tətbiq edilən təhlükəsizlik tədbirləri hələ yetərli deyil. Məsələn, Rusiyada son bir ildə haqqında danışdığımız cinayətkarlıq hallarının sayı iki dəfə artmışdı. Biz də Azərbaycanda getdikcə belə hallara daha çox rast gəlməyə başlamışıq. Ona görə hər bir vətəndaş daha diqqətli olmalı, gələn şübhəli zənglərə cavab verməməlidir. Əgər vətəndaşa hesabı olan bankdan zəng gələrsə, o halda bankın əməkdaşı mütləq ondan hesab açarkən bəyan etdiyi açar sözü soruşacaq. Bu soruşulmursa, deməli, vətəndaş artıq zəngin bankdan deyil, bir başqa yerdən gəldiyini dərhal anlamalıdır. Mobil operatorlar da eynilə vətəndaşla danışıb ödnişlə bağlı hər hansı bir əməliyyatı həyata keçirmək istədikdə mütləq ondan açar sözünüzü soruşmalıdır”.
Sabiq nazir deyib ki, indi banklarda onlayn rejimdə kredit rəsmiləşdirmək adi bir işdir:
“Bunu telefon vasitəsilə də asanlıqla etmək mümkündür. Təbii ki, kreditin mobil telefon vasitəsilə rəsmiləşdirilməsi zamanı vətəndaşdan üz tanıtması istənilir. Ona görə kənar zənglər zamanı üz tanıtması etmək təhlükəlidir. Belə zənglər zamanı üz tanıtması etməklə vətəndaş adına kredit rəsmiləşdirilməsi və ya hesabından pul çəkilməsinə şərait yaratmış olur. Sadəcə, ehtiyatlı olmaq mütləqdir. Unutmaq lazım deyil ki, bu gün dünyada müasir texnologiyalar hansı sürətlə inkişaf edirsə, eyni sürətlə də kibercinayətklar tərəfindən oğurluq üsulları təkmilləşdirilir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta