Bakı, 28 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi Darko Doçinski ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən dövrdə ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsini və Təşkilatın 60-dək Konvensiyasına qoşulduğunu qeyd edib. Həmçinin BƏT-lə birgə ötən dövrdə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti Ölkə Proqramı layihəsinin də hazırlandığı bildirilib.
Görüşdə layiqli əməyin təminatının Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu qeyd edilib. Əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar, əməyin mühafizəsi, əmək standartlarının və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə dəstək tədbirləri qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzinin fəaliyyətindən bəhs olunaraq, Mərkəzlə BƏT-in Beynəlxalq Təlim Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalandığı, iki qurum arasında sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə əməyin təhlükəsizliyi və sağlamlığının təmin olunması sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.