İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin qonşu ərəb ölkələrinə köçürülməsi təklifinə cavab olaraq israillilərin Qrenlandiyaya köçürülməsini təklif edib.
“Cebheinfo.az”-ın məlumatına görə, A.Əraqçi bu barədə “Sky News”-a müsahibəsində bildirib.
İran XİN rəhbəri Trampın bütün regionda qəzəb doğuran təklifini ələ salıb.
“Mənim təklifim başqadır. Fələstinlilərin əvəzinə israilliləri Qrenlandiyaya göndərməyə çalışın ki, bir daşla iki quş vursunlar”, - Əraqçi belə deyib.
Nazir ABŞ-nin dəstəyi ilə İranın nüvə proqramına İsrailin mümkün hücumu barədə söhbətlərə də münasibətini açıqlayıb.
“Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə hər hansı bir hücum dərhal və qətiyyətlə cavablandırılacaq. Amma bu çılğınlığı edəcəklərini düşünmürəm.
Bu, həqiqətən ağılsızlıqdır. Bu isə bütün regionu çox böyük fəlakətə aparacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Tehran Trampın təkliflərini dinləməyə hazırdır.
“Lakin birinci razılaşmada baş verənləri nəzərə alsaq, İranı ABŞ-la başqa bir razılaşmanı müzakirə etməyə inandırmaq üçün daha çox vaxt lazım olacaq”, - deyə Əraqçi əlavə edib.