Son illər ölkədə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçirilir.
Serifikatlaşma prosesinin ilk mərhələsi müəllimlərdə imtahanların necə olacağı, çətinlik yaranacağı ilə bağlı təşviş doğursa da, sonradan artıq bu prosesi təbii qarşılamağa başladılar.
Əslində bu proses müəllimlərin özlərini sınaması, öz bilik səviyyələrini yoxlaması üçün bir vasitə oldu. Bir neçə ildir ki, təşkil olunan sertifikatlaşdırmada uğur qazanan müəllimlərlə yanaşı, imtahandan keçə bilməyən və əmək fəaliyyətinə xitam verilənlər də oldu. 2024-cü ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24 050, uğur qazananların sayı isə 20 224 nəfər olub.
Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqını artımla alır. Ötən sertikasiya prosesində müəllimlər ilk olaraq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, daha sonra isə riyaziyyat və xarici dil fənnindən imtahan verdilər.
Cari ildə hansı fənn müəllimlərinin sertifikasiyaya cəlb olunacağına gəldikdə isə sosial şəbəkələrdə fizika, tarix, kimya, biologiya, coğrafiya fənləri üzrə növbəti sertifikasiya imtahanının həyata keçiriləcəyi ilə bağlı məlumatlar paylaşılır.
Ümumilikdə isə 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayında hansı fənnlər üzrə sertifikasiya keçiriləcəyi barədə məlumat verilmişdi. Ancaq 2025-ci ildə hansı fənndən sertifikasiya keçiriləcəyi barədə məlumat hələ verilməyb.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq olaraq bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə 2025-ci ildə cəlb olunacaq fənlər barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən hələ qərar verilməyib:
“Qərar olduğu halda ictimaiyyətə elan olunacaq”.
Nigar Abdullayeva "Cebheinfo.az"