AZ

Bakı regional tədbirə ev sahibliyi edəcək

Ümumdünya Poçt İttifaqı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə yanvarın 28-30-da Bakıda Avropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Elektron Qabaqcıl Məlumatlar üzrə tədbirlər keçiriləcək.

busaat.az RİNN-ə istinadən xəbər verir ki, Azərbaycanın poçt ekosistemində innovasiyaları təşviq etmək öhdəliyi ilə keçirilən tədbirlər poçt nəqliyyatı seminarı və Elektron Qabaqcıl Məlumatlar üzrə təlimi əhatə edəcək.

Tədbirlərin məqsədi Avropa və MDB-dən olan poçt operatorlarını bir yerə toplamaqla müasir poçt sistemindəki çətinlik və imkanları müzakirə etmək, Elektron Qabaqcıl Məlumatlar və nəqliyyat logistikası, poçt təhlükəsizliyi funksiyaları ilə bağlı poçt işinin təşkili haqqında bilikləri bölüşməkdir.

Elektron Qabaqcıl Məlumatlar üzrə təlimlər zamanı Elektron ticarətə strateji yanaşma, Gömrük bəyannaməsi və Beynəlxalq poçt sistemləri üzrə alətlərin istifadəsi və inteqrasiyasına dair sessiyalar təşkil olunacaq, iştirakçı ölkələrin poçt operatorlarının fərdi ehtiyacları üzrə ikitərəfli görüşlər keçiriləcək.

Eyni zamanda regional nəqliyyat seminarında nəqliyyatla bağlı regional və milli nəqliyyat göstəriciləri, İT alətləri, kağızsız daşımaya keçid və regional nəqliyyat qovşaqlarının yaradılması kimi vacib məsələlər müzakirə ediləcək.

Seminarın önəmli məqamlarından biri də poçt operatorları arasında dialoqu təşviq edən panel müzakirəsidir. Burada poçt konsolidasiyası və regional mərkəzlərin yaradılması üçün çətinliklərin həlli yolları araşdırılacaq.

Keçiriləcək tədbirlər poçt təşkilatlarını fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə zəruri alət və biliklərlə təmin etməklə yanaşı, regionda poçt operatorları arasında əməkdaşlığı təşviq etməyi hədəfləyir.

Seçilən
5
4
busaat.az

10Mənbələr