Yanvarın 18-də vəfat edən “Azərsun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdulbari Gözəli oğlu Əhməd Gözəl əvəzləyəcək.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkət daxilində Ə.Gözəlin Müşahidə Şirasının yeni sədri olacağı dəqiqləşib.
Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.
Qeyd edək ki, “Azersun Holding” MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gözəl “Azərbaycan Sənaye Bankı”nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.
Məlumata görə, Abdulbari Gözəl uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gözəl son aylarda “Azərsun Holdinq”in idarəçiliyində fəal iştirak edib.
Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağrılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.