AZ

Azərbaycan-Gürcüstan əlaqələrinin mühüm istiqamətlərindən biri də budur -ŞƏRH

Cənubi Qafqaz regionunun 2 əsas ölkəsi – Azərbaycan və Gürcüstan arasındakı münasibətlər yeni dövrün çağırışları çərçivəsində uğurla inkişaf etməkdədir. Bu yaxınlarda Bakıya işgüzar səfər edən Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü, görüşdən sonra verilən birgə bəyanat iki qonşu respublikanın dostluq və qardaşlıq münasibətlərinə yeni nəfəs verməkdə maraqlı olduqlarını tam şəkildə təsdiqləyir.
Öncə onu qeyd edək ki, Azərbaycan və Gürcüstan əlaqələri qədim tarixi köklərə söykənir. Ölkələrimiz arasında ali səviyyədə təşəkkül tapan fəal siyasi dialoq, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlər göstərir ki, Bakı və Tbilisi təmasları üçün strateji önəm daşıyan prioritetlərin icrası ciddi perspektivlərə sahibdir və liderlərin son danışıqları prosesə əlavə təkan verəcək.

-Gürcüstan Azərbaycanın etibarlı siyasi-iqtisadi tərəfdaşlarından biridir, eyni zamanda, Azərbaycan da Gürcüstanın 5 əsas iqtisadi tərəfdaşı sırasında yer alır;
-İndiyədək ölkələrimiz arasında 130-a yaxın sənəd imzalanıb;
-İki ölkə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz,Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətlərinin iştirakçısıdır;
-2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış sazişə əsasən, Azərbaycan və Gürcüstan bərpaolunan enerji sahəsində tərəfdaşa çevrildilər;
-Bakı və Tbilisi “Qafqaz evi” ideyasının müəllifləri, Cənubi Qafqazın hərbi poliqona çevrilməsinin qəti əleyhdarlarıdır.

Dost ölkələrin uğurlu SİYASİ ƏMƏKDAŞLIĞI son 10 ay ərzində İrakli Kobaxidzenin 3 dəfə Bakıya səfəri nümunəsində də təsdiqini tapır. Prezident İlham Əliyevin Gürcüstanın baş naziri ilə son görüşündə vurğuladığı kimi, ötən ilin noyabrında keçirilən parlament seçkilərindən sonra baş nazirin ilk xarici səfərini Azərbaycana etməsi dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunun real ifadəsidir. Vacib nüans odur ki, hər iki dövlət bir-birinin strateji və milli maraqlarına hörmətlə yanaşır, qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliklərini dəstəkləyirlər.

Gürcüstan-Azərbaycan əlaqələrinin İQTİSADİ TƏRƏFLƏRİ effektiv regional əməkdaşlıq üçün örnək ola bilər. Məhz effektiv əməkdaşlıq iqtisadi sahədə yaxşı nəticələrin əldə edilməsinin qarantı rolunda çıxış edir. Məsələn, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayənin qoyuluşu həyata keçirilən uğurlu iqtisadi siyasətin, Gürcüstanda olan müsbət sərmayə iqliminə azərbaycanlı investorların maraq göstərdiyinin praktik ifadəsidir. Bakı-Tbilisi əməkdaşlığının prioritet istiqamətlərindən biri də energetika sahəsidir.
Prezident Bakı-Tbilisi energetik əməkdaşlığının perspektivlərini belə qiymətləndirir.
Sitat. “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir”. Sitatın sonu.

Bir sözlə, enerji layihələri Azərbaycan və Gürcüstanın qaz ixracı coğrafiyasının genişlənməsinin mühüm elementidir. Məsələ ondadır ki, Azərbaycan bu il yeni qaz yataqlarını işə salmağa hazırlaşır. 2026-cı il və daha sonrakı dövlər üçün də nəzərdə tutulan yataqlar mövcuddur. Bu baxımdan təbii qazın ixracının artacağı real görünür. Təbii qazla yanaşı diqqət həm də yaşıl enerji layihələrinə yönəldiləcək. Çünki, hazırda bərpaolunan enerji resurslarına dünya bazarında böyük maraq və tələbat var.

Bakı-Tbilisi əlaqələrinin daha bir strateji istiqaməti nəqliyyat və onun əsas elementi – Orta Dəhlizdir. İki ölkə bu prioritet üzrə də yaxın tərəfdaşlar kimi çıxış edir. Orta Dəhliz böyük coğrafiyanı əhatə edən layihədir. Layihənin Gürcüstan və Azərbaycan üçün unikallığı isə onunla bağlıdır ki, tərəfdaş dövlətlər Orta Dəhliz hesabına Avropa və Asiya arasında körpü rolunu uğurla yerinə yetirir. Hazırda nəqliyyat infrastrukturu nəinki genişləndirilir, eyni zamanda, sözügedən infrastrukturun rəqəmsallaşdırılması layihələri də həyata keçirilir. İrakli Kobaxidze də açıq etiraf edir ki, Azərbaycan Gürcüstan üçün vacib bağlantı rolunu oynayır. Sitat. “Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək”.

Göründüyü kimi, Azərbaycan-Gürcüstan münasibətlərinin xarakteri uğurlu perspektivlər vəd edir. İki ölkə arasındakı təmaslar Cənubi Qafqazın sabit regiona çevrilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Lakin bu əməkdaşlığa mane olmaqdan ötrü müxtəlif iradlar üzərindən həm Bakıya, həm də Tbilisiyə təzyiqlər müşahidə olunur. Bununla belə, dost və tərəfdaşlıq münasibətləri, sağlam təfəkkür və xalqlararası səmimiyyət, üstəlik, liderlərin prinsipial mövqeyi həmin təhlükəli planların həyata keçməyəcəyinə dərin inam yaradır. Hökumətlərarası komissiyanın 10-cu iclasında toxunulan məsələlər, bir neçə gün bundan öncə Bakıda Gürcüstan səfirliyinin tikintisi üçün yeni ərazinin müəyyənləşdirilməsi Azərbaycan-Gürcüstan əməkdaşlığının region üçün uzun müddət hər kəsin hesablaşdığı faktor kimi qalacağına şübhə yeri qoymur.

Azərbaycan-Gürcüstan əlaqələrinin mühüm istiqamətlərindən biri də beynəlxalq fəaliyyətdir. Hazırda bəzi Qərb mərkəzləri tərəfindən Gürcüstan dövlətçiliyi üçün təhdidlər yaradılır, Kobaxidze iqtidarının devrilməsində maliyyə vəsaiti aldığı mənbəsi bilinməyən QHT və radikal siyasi partiyaların şüarlarından istifadə olunur. Gürcüstanın NATO və Avropa İttifaqı ilə danışıqlarının dayanması, ABŞ-nin bu ölkəyə maliyyə yardımları ayırmaqdan imtina etməsi əslində, Gürcüstanın təhlükəsizliyini sual altına almaq məqsədi daşıyır. Analoji təzyiq üsulları ilə Azərbaycan dövləti də üzləşir. 2023-cü ilin antiterror əməliyyatından sonra suverenliyini bərpa edən respublikamıza qarşı 907-ci düzəlişin yenidən qüvvəyə minməsi, AŞPA çərçivəsində iştirakımızın dayanması, Avropa Parlamenti və Fransa, Almaniya, İsveçrə və digər ölkələr səviyyəsində qəbul edilən qətnamələr Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlara zərbə vurmaq niyyətindən qaynaqlanır. Bununla belə, Prezident İlham Əliyevin prinsipial xarici siyasət kursu, regional əməkdaşlıq məsələsində Azərbaycan və Gürcüstanın vahid mövqedən çıxış etməsi, iki xalqı birləşdirən mənəvi dəyərlər, eləcə də, Cənubi Qafqazın çiçəklənməsini şərtləndirəcək nəqliyyat-enerji layihələri bəlli mərkəzlərin təhlükəli oyun ssenarilərinin iflasa uğrayacağından xəbər verir. Azərbaycan və Gürcüstanın çoxtərəfli əməkdaşlıq konsepsiyasına sahib olmasını yeni geosiyasi və geoiqtisadi reallıqlar da tələb edir.

Əlibala Məhərrəmzadə

Milli Məclisin deputatı

Seçilən
5
1
moderator.az

2Mənbələr