İnsanlar hər şeyi daha qısa müddətdə həll etməyə çalışırlar. Bunun üçün də daha tez başa gələn “fast food”lardan, paket çaylardan daha çox istifadə olunur. Mütəxəssislərə görə, bu tip qidalar, içkilər tez başa gələn olsa da, onların insan sağlamlığına zərərləri də var.
Bəs paket çaylar sağlamlığımıza necə zərər yetirir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında dietoloq Ləman Süleymanova bildirdi ki, tez hazırlanan qida növləri çox sevilir, eləcə də dünya əhalisinin 65-70%-i bu qidalara üstünlük verir.
"Bunlara tez hazırlanan qidalar, paket çayları və s. aiddir. İnsanlar fərqinə varmırlar ki, tez hazırlanan bütün qidaların tərkibində onların tez başa gəlməsi üçün istifadə olunan bütün inqridentlərin hamısı zərərlidir. Rəngləndirici maddələrdən başlayaraq, yəni qidanın dadına təsir edəcək, uzun saxlanılması üçün istifadə olunan bütün maddələr zərərlidir və insan orqanizminə çox mənfi təsir göstərir”, - deyən həkimin sözlərinə görə, dünya əhalisinin 70%-i paket çaylara üstünlük verir:
"Tez hazırlanan qida növlərinə elə birinci paket çaylar aiddir. Həm ölkəmizdə, həm də xaricdə istənilən kafe və restoranlarda dəmlənmiş deyil, paket çaylara üstünlük verilir. Paket çaylar daha çox tələsən insanlar üçün nəzərdə tutulub. Məsələn, işdə çayı dəmləmək üçün şərait yoxdur, bu zaman paket çaylardan istifadə edirlər. Araşdırsaq görəcəyik ki, məhz elə paket çaylardan istifadə edən insanların çoxusunda qaraciyərdə, əsasən də öd kisəsində böyük problemlər müşahidə olunur. Azərbaycanda statistik araşdırmalara görə artıq əhalinin daha çox qismi, eləcə də uşaqların 40%-i artıq öd kisəsi əməliyyatından keçən insanlardır. Araşdırsaq görəciyik ki, bu insanların çoxu paket çaydan istifadə edən şəxslərdir”.
Ləman Süleymanova qeyd etdi ki, paket çaylar insanın gündəlik işini asanlaşdırır, rəngi də adi çay kimi görünsə də, onun tərkibindəki zəhərli maddələr həmin çaya yalançı rəng verir.
"İstifadə olunan torbanın xam maddəsi bildiyimiz kağız deyil. Bunların hazırlanması üçün istifadə olunan maddələr çox təhlükəli maddələrdir, hətta xərçəng əmələ gətirən xassəyə malikdilər. Hətta əvvəllər paket çaylar təzə çıxanda kağızdan asmaq üçün istifadə olunan ip qismi simlərdən istifadə olunurdu və bu daha çox təhlükəyə səbəb olurdu. Buna görə də bəzi ölkələrdə iplə əvəz etməyə başladılar, çünki simin su ilə reaksiyasında təhlükəli maddələr əmələ gətirir. Bildiyimiz paket çayların içərisinə yerləşdirilən çay təmiz çay deyil, tərkibində zəhərli maddələr var, yalançı rəngləndirici maddələr var ki, çaya xüsusi rənglər verir. Onu əhatə edən paket, torbanın da tərkibində təhlükəli maddələr var. İsti su ilə reaksiyaya girərkən həmin o maddələr suya çökür və daha təhlükəli maddələr əmələ gəlir və insan da bunu qəbul edir. Tez-tez bu çaylardan istifadə edən insanların qaraciyərində, öd kisəsində problemlər əmələ gəlir. Öd kisəsinin funksiyası anbar funksiyasıdır ki, o zəhərli tullantıları kənarlaşdırır. Öd kisəsinin əsas fünksiyası qaraciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır, amma insanlar düzgün qidalanmayanda, mütəmadi zəhərli qidalardan istifadə edəndə, birinci qaraciyərə təsir edir. Başlayır o zəhərlər xaric olmağa və zəhərin xaric olunması üçün də o tullantılar birbaşa anbara yığılır və ordan zəhərli maddələr aktiv olanda öddə qatılaşma başlayır, qatılaşma kristallara çevrilir və daş əmələ gətirir. Beləliklə öd kisəsi öz fünksiyasını itirir. Bundan əlavə bir çox problemlər yaradır, xərçəng hüceyrələrini aktivləşdirir, imuniteti zəiflədir, dərini qocaldır”, - deyə dietoloq vurğuladı.
BƏNÖVŞƏ