Serbiya Baş naziri Miloş Vuçeviç təhsil müəssisələri və yolların bağlanması ilə müşayiət olunan etirazların xaricdən təşkil edildiyini bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Serbiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, o, Novi-Sadda hakim Serbiya Tərəqqi Partiyasının ofisi qarşısında baş verən son toqquşmanı nümunə gətirib:
"Bütün bunlar xaricdən təşkil edilib, buna heç bir şübhə yoxdur. Onlar cəmiyyətin ən həssas sahəsinə - təhsil və uşaqlara zərbə vurdular. Serbiyanı bir dövlət kimi qəsdən təhlükəyə atmaq alçaqlıqdır".
O bildirib ki, Novi-Sad şəhər administrasiyasının rəhbəri Milan Curiç də istefa verib.
Qeyd edək ki, Serbiyanın Baş naziri Miloş Vuçeviç ölkədəki tələbə etirazları fonunda istefa verib.
Xatırladaq ki, Serbiyada ötən ilin noyabrından tələbələrin və müxalifətin hökumət əleyhinə etirazları davam edir. Etirazların səbəbi Novi-Sad şəhərində dəmir yolu vağzalının talvarının uçması nəticəsində 15 nəfərin həlak olmasıdır.