Bakıda parkda iki qadın arasında başlayan mübahisə məhkəmədə başa çatıb. İşin məhkəməyə qədər uzanmasının səbəbi qadınlardan birinin ayağının sınması olub. Manset.az Musavat.com-a istinadən hadisə Yasamal rayonunda parklardan birində baş verib. 34 yaşlı Aytən Həsənova (ad şərtidir) parkda tanımadığı 50 yaşlı Zəhra Qasımova (ad şərtidir) ilə mübahisə zamanı onu itələyib. Zəhra Qasımova yıxılan zaman ayağı sınıb. Mübahisəyə səbəb isə Z.Qasımovanın Aytənin azyaşlı qızını vurması olub. Belə ki, Aytənin qızı və digər uşaqlar parkda topla oynayırmışlar. Uşaqların vurduğu top Z.Qasımovaya dəyib və onu əsəbiləşdirib. Z.Qasımova buna görə uşaqlara şillə vurub. Uşaqlar da bu barədə analarına məlumat verib. A.Həsənova qızını vurduğu üçün Z.Qasımova ilə mübahisə edərək onu itələyərək yıxıb. Yıxılan zaman Qasımovanın ayağı sınıb. Z.Qasımovanın polisə müraciəti əsasında A.Həsənova barəsində cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə zərərçəkmiş şəxs deyib ki, Aytənin qızını vurmayıb. Aytən isə deyib ki, Z.Qasımovaya xəsarət yetirmək niyyəti olmayıb. Onu bilərəkdən itələməyib. Məhkəmə Aytənin əməlinin daha yüngül maddəyə dəyişdirilməsinə qərar verib. Ona Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan az ağır zərər vurma) maddəsi ilə 7 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə Aytənin bu əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib.