AZ

Gözlənilməz hücum: İki milyon əhalisi olan şəhər ələ keçirildi

Afrika qitəsinin mərkəzində yerləşən Konqo Demokratik Respublikasında qonşu Ruanda dövlətinin dəstəklədiyi üsyançılar sərhəddə yerləşən Qoma şəhərini ələ keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Tutsi xalqının siyasi-iqtisadi maraqları uğrunda mübarizə apardığını iddia edən M23 üsyançı hərəkatının döyüşçüləri dünən basqın edərək, şəhərin böyük hissəsini ələ keçiriblər. Ardınca hökumət qüvvələri şəhərin bəzi ərazilərinə nəzarəti bərpa edib.

Qomanın nominal əhalisi təxminən 700 min nəfərdir, lakin qaçqınlar nəzərə alınanda, bəzi hesablamalara görə, şəhər və ətrafında 2 milyona qədər insan yaşayır.

BMT-nin məlumatına görə, üsyançılarla hökumət qüvvələri arasında gedən döyüşlər nəticəsində yerli doğum evinə ziyan dəyib, qadın və uşaqlar həlak olub.

Hazırda şəhər uğrunda döyüşlər davam edir. Qeyd edilir ki, yaraqlılar Qomanı reaktiv yaylım atəşi sistemləri və minaatanlardan atəşə tutaraq, mülki əhali və BMT əməkdaşlarını gizlənməyə məcbur edirlər.

Qomanın tutulması Konqonun şərqində 1990-cı illərin ortalarında Ruanda soyqırımından sonra başlayan uzunmüddətli münaqişənin bir hissəsidir. Artıq Uqanda, Burundi, Cənubi Afrika Respublikası, Tanzaniya və Malavi də daxil olmaqla bir sıra Afrika ölkələrinin qoşunları vəziyyəti sabitləşdirmək üçün səylərə cəlb olunub.

Ruanda uzun müddətdir M23 hərəkatına aktiv dəstəyi inkar etsə də, BMT-nin sülhməramlı missiyasının rəhbəri Jan-Pyer Lakura Ruanda qoşunlarının Qomada olduğunu açıqlayıb. Onun sözlərinə görə, söhbət potensial olaraq Konqo və Ruanda arasında dövlətlərarası müharibəyə çevrilmək təhlükəsi yaradan 3-4 min Ruanda hərbçisindən gedir.

Xatırladaq ki, M23 (23 Mart Hərəkatı) Konqo Demokratik Respublikasının şərq hissəsində, paytaxtı Qoma olan Şimali Kivu əyalətində fəaliyyət göstərən silahlı qrupdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
10
30
teleqraf.com

10Mənbələr