AZ

Saxta diplomlar: Abituriyentləri aldadanlar kimlərdir?

Son zamanlar xaricdə təhsil almaq istəyənlərin sayında artım var. Bəzən isə heç də xoş olmayan hallar baş verir. Bir çox tələbələr xaricdə təhsillərini başa vurduqdan  sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Belə halların qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Demokrat.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, xarici  ölkələrdə təhsil alanların kəmiyyət yox, keyfiyyət intervalında inkişafı əsas götürülməlidir:

“Bizdə çox təəssüf olsun ki, xaricdə təhsilə olan maraq haqqında danışarkən yalnız keyfiyyət deyil, kəmiyyət meyarı əsas götürülür. Qardaş Türkiyə başda olmaqla, Rusiya, Ukrayna, eləcə də Avropanın bir sıra o qədər də xüsusi nüfuza malik olmayan ölkə univetsitetləri abuturiyentləri yalnız  attestat diplomu hesabına qəbul edir. Yəni, bir çox xarici təhsil şirkətləri var ki, bununla da məşğul olurlar. Təbii ki, öz işini loyal şəkildə yerinə yetirənlərə, bütün hüquqi prosedurlarla yanaşıb marketinq etikasına, eləcə də təhsil faydalılığına  xidmət edən şəxslərə hörmətlə yanaşmalıyıq.Amma bu cür xarici təhsil şirkətlərlə yanaşı, öz işini yalnız biznes maraqları üzərində quran, abituriyent təhsilini, onun gələcəyini deyil, yalnız özünün maddi qazancını düşünən xarici təhsil şirkətlər və mərkəzləri var ki, bu kimi işlərlə məşğuldurlar.  Məhz onların “hesabına” bizim xeyli gəncimiz gələcək üçün yararsız olan dörd illik təhsil almaq məcburiyyətində qalırlar. Təbii ki, ən son halda qərar onların və valideynlərinindir. Amma insanlar bu kimi hallarda bilgisiz ola bilirlər, hamı hər şeyi bilmək məcburiyyətində deyil”. 

Ekspert bildirib ki, bununla bağlı ciddi bir müzakirə aparılmalıdır:



“Burada əsas niyyət müəyyən bir məbləği əldə etməkdir. Gənc soydaşımız harada oxuyacaq, necə oxuyacaq, onun oxuduğunun ümumiyyətlə, ölkə üçün nə kimi faydalılığı  var? Bu kimi məsələlər heç soruşulmur. Bəli, bu gün bizdə xaricdə təhsil almaq istəyənlərin sayında artım var. Amma onlar arasında keyfiyyətli, faydalı kadrların da sayında da  artım varmı? Bax, bununla bağlı ciddi bir müzakirə aparılmalıdır. Bununla bağlı ciddi bir tədqiqat olmalıdır. Artıq Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi ( TKTA) bu istiqamətdə müəyyən işlər görür. Onların səhifəsində müəyyən prosedurları çox asan bir şəkildə dəqiqləşdirib, ona uyğun hərəkət etmək  olar. Bu gün ölkədə universitet əmək bazarının təlim mexanizminə görə yox, psixoloji rəqabət mexanizminə gəlib. Nə olursa- olsun valideyn sübut etməyə çalışır ki, baxın, oğlum oxuyur. İndi bu, yeni bir mərhələyə gəlib çıxır ki, baxın,  oğlum Türkiyədə oxuyur. Təsəvvür edin, bizim ən zəif özəl universitetimizəbelə daxil olmağı bacarmayan, 200 balı  toplaya bilməyən şəxs Türkiyənin, Ukraynanın, Rusiyanın, ümumiyyətlə, Azərbaycanda  diplomu təsdiqlənməyəcək universitetinə oxumağa gedirsə, bu necə ola bilər?  Mən valideyn görmüşəm ki, onunla öyünür, onun misal kimi göstərir”.

Leyla Turan
Demokrat.az
Seçilən
29
50
demokrat.az

10Mənbələr