AZ

ARDNF-nin aktivləri 60 milyard dolları ötdü

2024-cü il dekabr ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 7,1% artaraq 60 031,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə KONKRET.az-a Fonddan bildirilib,

Məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 039,0 milyon manat, büdcə xərcləri isə 12 896,4 milyon manat təşkil edib.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6,0% olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 781,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-dekabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 47,3 milyon manat yönəldilib.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 34,1 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 1 592,2 milyon manat təşkil edib.

2024-cü ildə aktivlərin artımı ARDNF-nin vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

İl ərzində səhm bazarlarında müşahidə olunan müsbət tendensiyanın 4-cü rübdə də davam etməsi Fondun aktivlərinə öz töhfəsini vermişdir. Bunun səbəbləri kimi isə ümumilikdə böyük texnologiya şirkətlərinin bazar dəyərlərində artımın davam etməsi, ABŞ-də keçirilən seçkilərdən sonra şirkətlərin gəlirliliyinə müsbət təsir edə biləcək əlverişli biznes mühiti ilə bağlı investor gözləntiləri göstərilə bilər.

Eyni zamanda, aparıcı mərkəzi banklar tərəfindən faiz dərəcələrinin azaldılmasının davam etdirilməsinə baxmayaraq, dövlət istiqrazlarının gəlirlilik dərəcələrində son rübdə artımlar müşahidə olunub. Bu artımlar istiqraz bazarlarında müəyyən geriləmələrə səbəb olsa da, il ərzində orta gəlirliyinin yüksək olması Fondun borc öhdəlikləri altportfeli üçün ili müsbət nəticələrlə yekunlaşdırmağa şərait yaratmışdır. Gəlirlilik dərəcələrindəki sözügedən artımlar əsasən uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunmuşdur ki, buna başlıca olaraq inflyasiya və artan dövlət borcları kimi iqtisadi göstəricilərdəki qeyri-müəyyənliklər səbəb olub.

İl ərzində qızıl qiymətində artımın son rübdə yavaşlamasına baxmayaraq, sadalanan aktiv bütövlükdə 2024-cü ildə Fondun büdcədənkənar gəlirlərinə əhəmiyyətli töhfə verib. Yüksək geosiyasi risklər, il ərzində bir çox ölkələrdə seçkilərin keçirilməsi və mərkəzi banklar tərəfindən artan tələb qızıl qiymətlərinin yüksəlməsini şərtləndirən başlıca amillərdən hesab olunur.

 

Seçilən
17
16
konkret.az

10Mənbələr