Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 % çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.
Məlumata görə, ötən il ARDNF-nin büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib.
İl ərzində fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfelinin 6 %-i qədər olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 34 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 47,3 milyon manat yönəldib, idarəetməyə isə 34,1 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 1 milyard 592,2 milyon manat təşkil edib. Aktivlərin artımı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.